Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20-24 may 2026-cı il tarixlərində Sumqayıt şəhər, “Socar Polymer Arena”nın süni örtüklü meydançasında “28 May – Müstəqillik Günü”nə həsr olunmuş 2014-2015-ci il təvəllüdlü oğlanlar arasında minifutbol idman növü üzrə Sumqayıt şəhər kuboku keçirilib.
Rekord.az xəbər verir ki, məqsəd şəhərdə futbol idman növünün təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, uşaqlar və yeniyetmələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və kütləviliyin təmin edilməsidir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası birinci, “Gənclik”-95 Futbol klubunun komandası ikinci, İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbinin komandası üçüncü yerə layiq görülüb.
Qalib və mükafatçılar diplom və medallarla təltif olunub.