"Sehrli çubuq" kimin əlində imiş?
- 2024-04-25 09:50
- 1497
“Qəbələ”nin sonuncu ümidi də közərərək söndü. Söhbət “qırmızı-qaralar”ın ölkə kubokunun finalına yüksələ bilməməsindən gedir. Əyalət təmsilçisinin Premyer Liqada işləri onsuz da qaydasında deyil. Bir vaxtlar Avropa Liqasının qrupuna yüksəlməklə adından söz etdirən, sonrakı mövsüm həmin uğuru təkrarlamaqla yetərincə ciddi klub olduğunu isbatlayan “Qəbələ” indi ağır günlərini yaşayır. Sona 5 tur qalmış “Qəbələ” əsas rəqibi sayılan “Kəpəz”dən 14 xal geri qalır. Bu isə “qırmızı-qaralar”ın taleyinin tükdən asılı olması deməkdir.
“Qəbələ”nin elitada qalmaq şansları xeyli azalıb. Bundan sonrası ya möcüzəyə bağlıdır, ya da AFFA İcraiyyə Komitəsinin Premyer Liqanın reqlamentinin dəyişməsinə. Bütün bunların fonunda ölkə kubokunun yarımfinalında oynamaq “Qəbələ” üçün yetərincə ciddi fürsət idi. Avropa futbolunda belə nümunələrə çox rast gəlmişik. Çətin günlər keçirən hansısa komanda uzun marafon sayılan çempionatda uğur qazanmağa gücü yetməyəcəyini anlayanda titul qazanmaq üçün daha hamar və qısa yol sayılan kuboka köklənir. Konkret kubok oyunlarına gücünü səfərbər edən həmin komanda muzeyinə qənimət əlavə etməyə, eyni zamanda da avrokuboklarda iştirak şansı qazanmağa çalışır. Sözsüz ki, bu iştirak özlüyündə həmin klubun büdcəsinə müəyyən vəsait də gətirir. Belə uğura imza atanlar sırasında hətta elita təmsilçi olmayanları da görmüşük. Aşağı dəstə təmsilçiləri tarixə adlarını yazdırır, həm də azarkeşlərinin qəlbində taxt qurur.
Bu mənada “Zirə” ilə kubokun yarımfinalındakı qarşılaşma da “Qəbələ” üçün tarixi fürsət sayılırdı. Özü də “Qəbələ” əvvəllər belə qəhrəmanlığa müəlliflik etmişdi. Söhbət ondan gedir ki, məhz çempionatda işləri qaydasında getməyəndə “Qəbələ” kuboka yaxşı köklənməyi, sonda da qəniməti başı üzərinə qaldırmağı bacarmışdı. Elə ötən mövsümə boylananda bunun necə yaşandığını görürük. “Qəbələ” uğura gedən yolda əvvəlcə “Qarabağ”ı üstələdi, finalda isə “Neftçi” doğma meydanda “qırmızı-qaralar”ın istəyi qarşısında “ağ bayraq” qaldırdı. Məhz bütün bunları göz önünə gətirən “Qəbələ”nin küskün azarkeşləri tarixin təkrarlanacağına, çətin günlərdən keçən sevimli komandalarının ən azı finala çıxacağına inanırdılar.
Amma olmadı. İlk görüşdən sonra şanslar pis görünməsə də, “Zirə” “Qəbələ”nin sensasiyaya imza atmasına imkan vermədi. Doğma meydanda minimal hesablı qələbə yetəcəkdi ki, psixoloji üstünlük Kaxaber Tsxadadzenin çalışdırdığı komandanın tərəfinə keçsin. Amma Rəşad Sadıqovun komandası ümidi təsadüflərə bağlamadan oynadı, zirəlilər hesabı qorumağa yox, üstünlüyü bir qədər də artırmağa çalışdı. Sonda da 2:0 hesablı qələbə sayəsində finala adlamağı bacardılar.
Bəli, Kaxaber Tsxadadze “Qəbələ”yə böyük ümidlərlə dəvət olunmuşdu. Onun sayəsində “Qəbələ”nin sonuncu pillədən qurtulmaq üçün sona qədər döyüşəcəyinə, ölkə kubokunun finalına yüksələcəyinə inanların sayı xeyli çox idi. Amma bu ümidlər doğrulmadı. Elmar Baxşıyevin üzünü qara edən heyət gürcü mütəxəssisi də başıaşağı etdi. Bu futbolçularla möcüzə yaratmaq, “Qəbələ”ni böhrandan çıxarmaq üçün onun da əlində “sehrli çubuq” yox imiş...