“Neftçi”nin baş məşqçisi Samir Abasovun Avropa Liqasının 3-cü mərhələsinin HJK ilə (Finlandiya) ilk matçından sonra mətbuat konfransı keçirilib.

Rekord.az xəbər verir ki, Abasov, 2:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:

- Yaxşı və maraqlı oyun keçdi. Hesab nə olur olsun, ikitərəfli oyundur. Mərhələ keçmək üçün bacardığımızı etməliyik. Artıq səfər qolu da ləğv edilib. Rəqib hesab baxımından bizdən üstün deyil. Səfərdə hər şeyi sıfırdan başlayacağıq. Xarakterimizi ortaya qoyub, cavab matçına ciddi çalışacağıq. Cavab matçından yaxşı nəticə ilə qayıtmalıyıq. Ümumi yaxşı oyun alındı, ancaq bəzi problemlərimiz yaşandı. Aqil zədələndi, gənc qapıçımız Kamran İbrahimov da meydana çıxdı və qapıda əminliklə durdu. Düşünürəm ki, hər şey ikinci oyuna qalıb. Yaxşı və fərqli komandaya qarşı oynayacağıq.

- Aqil Məmmədovun durumu nə yerdədir?
- Aqil "Olimpiakos"la oyundan sonra üç gün hərarətli oldu. Səhhətində problemi var idi. Neçə gün məşq etmədi. Bu da belə isti havada ona təsir etdi. Aqil və Eminin vəziyyəti yaxşı deyil. Dua edəcəyik ki, yaxşı olsun.

- Emin Mahmudov 70 dəqiqə orta xəttdə tək oynadı...
- Sxemdə bəzi dəyişikliklər belə şeylərə gətirib çıxarır. Öz mövqeyinin oyunçuları bu gün tam hazır olmadıqlarına görə məcburiyyətdən sistemin içində dəyişiklik etdim. Mamadu Kane bir neçə oyunda cinahda oynayıb. Bu zaman da bütün yük Eminə düşdü. Xəyal Nəcəfov mənə görə yaxşı oyun sərgilədi, bəzi epizodlarda yüngül səhvləri oldu. Futbolçular bu gün meydanda çox iş gördülər.

- Razı və narazı qaldığınız nə oldu?
- Hər şeydən razı qaldım. Narazı olduğum məqam olmadı.

- "Neftçi"nin oyunun böyük hissəsində geri çəkilməsi sizin tapşırığınız idi?
- Oyunun sonlarına yaxın futbolçularda yorğunluq hiss olunurdu. Həm irəli getmək, həm arxaya gəlmək olmurdu. Bəzən elə olur ki, rəqib də səni məcbur edir ki, geri çəkiləsən.

- Xəyal Nəcəfov sosial şəbəkələrdə çox tənqid olunur. Bu haqda fikirləriniz nədir? 
- Qınaqlara baxıb heyət qursaq, bu, futbol adına düzgün olmaz. Azarkeşlərin hərəsi bir fikirdə ola bilər. Xəyaldan tamamilə razıyam və inanırıq ki, o, "Neftçi"də böyük işlər görəcək. Sosial şəbəkələrdə edilən tənqidləri normal qəbul edirəm.

- Səfər oyunu süni örtüklü meydançada olacaq. Buna hazırsızmı?
- Doğrudan da, çətin olacaq. Sintetikada məşq edib, oynayan komanda özlərini daha yaxşı hiss edir. Biz hər zaman "Səbail"lə səfər oyununda problem yaşayırıq. Çünki bu komanda süni örtüklü meydançada oynamağa öyrəşib və daha rahat olur. Biz Finlandiya səfərinə iki gün daha tez gedib, öyrəşməyə çalışacağıq.

- Bəlkə, burda da "Səbail"in meydançasında məşq edəsiz?
- Xeyr. Ot örtükdən süni meydançaya keçəndə zədələr ola bilər. Bizim elə heyətimiz yoxdur ki, bunu gözə qalaq. Daha əvvəl bunun fəsadlarını görmüşük.

- Səfərdə mərhələni keçmək üçün nə etmək lazımdır?
- Bizim əlimizdə olan müəyyən heyət var. Bu heyətlə sadəcə sistemdə futbolçuların yerini dəyişə bilərik. Bu zamanda faydalı olacaqmı? Bilmirəm. Biz yavaş-yavaş oyunun içində dəyişiklik edirik. İndi bizi təhlil etmək çox asandır. Əsas olan bizim öz oyunumuzdur. Oyunumuzu tutmuşuqmu? Xeyr. Futbolçunun meydanda xarakterli olması bizim üçün önəmlidir. 

- Harramizin oyununda razısız?
- Bütün oyunçulardan razı qalmışam. Ümid edirəm, qol da vuracaq.

- Namik Ələskərovun durumu necədir?
- Hazırda Türkiyəyə gedib. Üzünə maska hazırlanır, ondan sonra Bakıya qayıdacaq və yavaş-yavaş komandaya qoşulacaq.

- Sezar Meza Kolli və Mamadu Mbodju məcburiyyətdən oynadırsız, ya layiq olduqları üçün?
- Layiq olduqları üçün.

- Heyət kasadlığı var. Nə düşünürsüz? 
- Transfer çalışmalarımız gedir. 3, ya da 4 hücumçu ilə danışmışıq, ancaq bura gəlmək istəməyiblər. Bu, nədən qaynaqlanır bilmirəm. Futbolçular gəlmək istəmir. Futbolçu seçirsən, istəyirsən, menecerlər araya girir, lakin sonra futbolçu gəlmək istəmir. Elə oyunçular olub ki, əvvəldən düşünmüşük ki, hə, bu oyunçu bu vaxt gəlir. Bəziləri ilə özüm də danışmışam, ancaq sonradan gəlmək istəmirlər. Ümumi durumumuz, əlimizdə olan imkanlara görə addımlamalıyıq. Transferlər olacaq, inanırıq ki, tezliklə.

- Oyun bitəndən sonra Mbodj və Kane ilə nə danışırdız?
- Uşaqlar çox üzgün idilər. Kane deyirdi ki, bu oyunu udmalıydıq. Belə söhbətlər idi.