Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət millimizlə görüşüb. "Rekord.az" xəbər verir ki, görüşdə AVF prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya əməkdaşları iştirak ediblər.

Şahin Bağırov komandanın hazırlıq prosesi və hazırkı vəziyyəti ilə maraqlanıb, həmçinin qarşıdakı oyunlar müzakirə edilib. Yığmamıza Avropa Liqasında uğurlar arzulanıb, voleybolçularımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə və uğurlu nəticə qazanacaqlarına inam ifadə olunub.

Qeyd edək ki, yığmamız Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandamızın rəqibləri İsveç və Estoniya milliləri olacaq.