“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 14-cü turunda səfərdə “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:


“Keyfiyyət baxımdan oyun istədiyimiz kimi olmasa da, meydanda gərgin mübarizə vardı. Futbolçular çox enerji sərf etdilər. Biz də, “Zirə” də kubok matçından sonra meydana çıxmışdıq. Rəqibin oyunu isə 120 dəqiqə davam etmişdi. Buna görə dinamikanın bir qədər aşağı olması normaldır. Amma meydanda ciddi mübarizə getdi və hər iki komanda 1 xal qazanmağa layiq idi. Futbolçular həqiqətən çox əziyyət çəkdi. Oyundan-oyuna daha çətin, daha formalaşmış və daha geniş düşüncəli “Zirə” ilə qarşılaşırıq. Rəşad Sadıqovdan hər matçda bir sürpriz gözləmək mümkündür və bunu oyunun gedişində hiss edirik. Güclü rəqibə qarşı oynadıq. Hər iki komandaya uğurlar arzulayıram.


Montieli üç müxtəlif mövqedə oynaya bilən futbolçudur. Həm dayaq yarımmüdafiəçisi, həm “10 nömrə”, həm də vinger kimi çıxış edə bilir. Həqiqətən universal oyunçudur. Rotasiyalar və oyunun gedişatı buna səbəb oldu. “Zirə” birə-bir mübarizələrdə çox yaxşı çıxış edir, müdafiədə isə cəsarətli və aktivdirlər. Montieldən çox razı qaldım. Hər dəfə onun haqqında pozitiv fikirlər formalaşır. Tam hazır deyil. Bəlkə də bu gün onun üçün 90 dəqiqə oynamaq çoxdur. İlyarımdır ki, bu rejimdə nə məşq edir, nə də oynayır. İlk dəqiqələrdən olmasa da, oyunun gedişatında müəyyən dəyişikliklər edə bilər. Əvvəlki matçda 90 dəqiqə oynamışdı və üç gün sonra bərpa oldu. Özünün dediyinə görə, çox yorulmuşdu. Qarşıdakı günlərdə onun bərpasına baxacağıq və ona uyğun qərar verəcəyik. Oyundan-oyuna daha hazırlıqlı olur.


Onların oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etdilər. Ola bilər ki, əvvəl etdiyimiz təhlil dəyişsin, tam fərqli düşüncədə olaq. Belə olanda əlavə düşüncə lazım olacaq. Şansa gəldikdə, qarşıda bundan əlavə iki oyunumuz da var. Bakıda oynayırıq, yaxşı nəticə üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bunu düşünür. Çalışacağıq ki, intizamlı oynayaq və nəticə qazanaq”.