"Sabah"ın qələbəsi barədə şərh - rəqibin bəxti gətirdi
- 21 İyl 2026 22:15
- 243
KuPS-un bəxti gətirdi.
Bu qədər epizod, bu qədər real şansın qaçması, bu qədər imkanın boşa verilməsi xüsusilə "Sabah"ın ifasında nadir hadisələrdəndir. Özü də qolları elə oyunçular vura bilmədi ki, bunu onlardan heç gözləmək olmazdı. Top qapıya getmədi ki, getmədi.
Təbii ki, bu qədər şansı yaratmaq nə qədər yaxşıdırsa, onları qaçırmaq da bir o qədər pisdir. Finlər səndən bunun əvəzini çıxa bilmədilər (son dəqiqələrdəki təkbətəki boşa verdilər). Növbəti mərhələdə isə bunu sənə bağışlamayacaqlar (hətta KuPS cavab görüşündə də bunu edə bilər). Çərçivəyə ilk zərbəsini 70-ci dəqiqədə vuran, buna qədər cərimə meydançamızın həndəvərinə belə gəlməyən, sadəcə uzun toplarla nəsə etməyə çalışan, müdafiəsi az qala hər hücumda boşluqlar verən rəqibin bu "hədiyyə"lərindən istifadə etmək lazım idi. Ümid edək ki, cavab görüşündə bu səhvlərimizin acısını çəkməyəcəyik. Çünki "Sabah" bu turu elə bu gün, burada, doğma divarlar arasında həll edə bilərdi, etməli idi.
Olmadı, alınmadı.
Bunun əsas səbəbi kimi təcrübə azlığını göstərə bilərəm. Nə qədər güclü komanda olursansa ol, nə qədər yaxşı heyətə malik olursansa ol, belə yarışlarda debütantsansa, az oynamısansa, çətinlik yaşayacaqsan. Xüsusilə də Çempionlar Liqasında bu belədir. Hətta deyərdim əsas məqam məhz budur. "Sabah" çox yaxşı futbol oynadı. Çoxsaylı epizodlar yaratdı, gözəl, baxımlı matç izlətdi bizə. Qalır bu gözəlliyi cavab görüşündə uğurlu nəticə ilə tamamlamaq.
Oyundan əvvəl də yazmışdım: "Sabah" rəqibindən daha yaxşı komandadır, daha istedadlı, daha bacarıqlı oyunçulardan qurulmuş heyətə malikdir, məşqçisi də daha yaxşı məşqçidir. Fikrimdə qalıram. Sadəcə bu matçda baş verənlərdən nəticə çıxarmaq, daha diqqətli olmaq gərəkəcək.
Əminəm ki, belə də olacaq və turu keçən tərəf biz olacağıq.
Hələliksə, qələbəni bayram etmək vaxtıdır. Ölkə çempionu ÇL-də ardıcıl 3-cü qələbəsini qazanıb.
Təbriklər və uğurlar, "Sabah"!
Ardı gəlsin!