Və nəhayət, rəhbərlik.


Bizdə belə bir fikir qəbul olunub ki, futbolçu haqda yaxşı sözlər demək olar, məşqçini, azarkeşi tərifləmək olar, amma rəhbərliyi yox. Olmaz. Borclarıdır, pulları var, eləməlidirlər və s. Bəs bu adamların çəkdiyi əziyyət, sərf etdikləri əmək, güc, düşdükləri stress? Bundan kim danışacaq bəs?


9 yaşlı klub debüt ilində Çempionlar Liqasının qrupuna vəsiqə qazanırsa, bu, ilk olaraq elə rəhbərliyin əməyidir. Bəli, oynayan futbolçulardır, məşqi keçən məşqçilər, reklam edən mətbuat və pr şöbəsidir və s. Bəs bu adamları seçən, doğru transferlər edən, doğru məşqçi və əməkdaşları tapan, infrastrukturu quran, maliyyə sabitliyini təmin edən, klubu ən yüksək səviyyədə müdafiə edən, gözə görünməyən mübarizəsini aparanlar kimlərdir? Təbii ki, idarəetmə strukturu, klub rəhbərliyi.


"Sabah" hazırda ölkənin ən güclü futbol komandasıdır. Yaxşı məşqçi, yaxşı oyunçu toplusuna malikdir. Reklamı, marketinqi Azərbaycanın şəksiz 1 nömrəsidir. Ən yaxşı bazalardan birinə, əla infrastruktura malik klubdurlar. Uşaq futboluna diqqətdə, yaradılan şəraitdə liderdirlər. Siyahını uzatmaq olar.


Və məsələ heç də pulda deyil. Təbii ki, əsas şey puldur, amma eyni, hətta bundan daha çox pula, daha çox gücə malik olub, bunun yarısını belə edə bilməyənlər olub, hələ də var. Məsələ yanaşmadadır. Peşəkar yanaşma və səbrdə.


Məhz peşəkar yanaşma və səbrli davranış olmasaydı, "Sabah" Azərbaycandan kənarda heç nəyə nail ola bilməzdi. Hansısa iş səhv görüləndə daxili yarışlarda bunu rahatlıqla sığortalamaq olur. Kənarda isə kimsə gözünün yaşına baxmır, heç vaxt da baxmayacaq. Orada maksimumunu ortaya qoymadan bir addım da irəli gedə bilməzsən. Ona görə də hərtərəfli güclü, ağıllı və çevik olmalısan.


Bu gün "Sabah"da bu var. Prezident Maqsud Adıgözəlov və onun komandası hazırda Avropanın ən çox danışılan, müzakirə olunan, böyük təəccüb doğuran, uğur sirri öyrənilmək istənilən kollektivdir. 


Və ona görə də xoş sözləri və təşəkkürümüzü haqq edir. 


Təbriklər, təşəkkürlər və uğurlar!