"Sabah" üçün KuP(ost)S(criptum)
- 00:53
- 83
Ölkə çempionumuz bu gün növbəti sınağına çıxır. "Sabah"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Finlandiya KuPS-idir. Təmsilçimiz üçün vacib qarşılaşmalardır, çünki bu kollektivi üstələsək, minimum Konfrans Liqasının qrupu təmin ediləcək. Bu isə klub üçün tarixi nailiyyət olacaq.
Kimdir?
Klubun - Kuopion Palloseura, ya da qısaca KuPS-in 103 yaşı var, 8 dəfə ölkə çempionu olub, Finlandiya tarixində 4-cü ən yaxşı komandaya malikdirlər. 130 minlik Kuopio şəhərini təmsil edirlər. Ev oyunlarını 5 min tutumlu, süni örtüklü Vare Arenada keçirirlər. 60 ildə 43 avrokubok matçı keçiriblər, amma əsas uğurlarına yalnız ötən mövsüm imza atıblar. Konfrans Liqasının qrupunda oynamış, yaxşı çıxış edərək pley-offa yüksəlmiş orada "Lex"ə məğlub olmuşdular. Baş məşqçiləri gənc, 34 yaşlı Miika Nuutinendir.
Harda oynayır?
Hazırda Finlandiyada ölkə çempionatı - "Veikkausliga" davam edir. KuPS 16 oyundan sonra 33 xalla liderdir, ən yaxın izləyicisi "İnter"i 3 xal qabaqlayır. Bu müddətdə cəmi 1 yenilgiləri var, sabit qrafiklə çıxış edirlər, son 6 matçda qalib gəliblər. Sonuncu qarşılaşmanı SJK-ya qarşı keçirib, onu 2:0 məğlub ediblər. Bir sözlə, formadadırlar, oyun praktikası problemləri yoxdur, hazırdırlar, xüsusi və fərqli güclənməyə ehtiyacları yoxdur.
Necə oynayır?
Nuutinenin rəhbərliyi altında KuPS 4-5-1 düzülüşü ilə meydana çıxır. Orta xətdə klassik iki dayaq, iki cinah və 1 hücumameylli yarımmüdafiəçili sistemlə oynayırlar. Mövqe hücumlarına üstünlük verirlər. İzləyərkən ağıla "Qarabağ"ın təxminən 8-10 il əvvəlki oyunu yada düşür. Arxa və orta xətdə daha çox paslaşma, imkan yaranan kimi uzun ötürmələrlə topun rəqibin müdafiə xəttinin (xüsusilə cinahlarda) arxasına atılması kimi xarakterik məqamları qeyd etmək olar. Yəni KuPS-in oynadığı 4-5-1 "Qarabağ"ın hazırda tətbiq etdiyi sürətlə 4-3-3-ə transformasiya olunan, yüksək pressinqli, intensiv mexanizm deyil. Pressinqə çox getmirlər, pressinq komandası deyillər. Rəqibi əsasən orta xətdə qarşılayırlar, müdafiəni bir qədər geridə qururlar. Bu, daha az top buraxmaq, daha az risklə nəticə qazanmaq imkanı verir ki, şimal təmkini burada öz sözünü deyir.
Biz necə oynamalıyıq?
KuPS-i sadəcə pressinq, sürətli oyunla yenmək alınmayacaq. Valdas Dambrauskas işə həm də atletizmi qatmalıdır. Finlər oyun planında yaxşı olsalar da, futbolçuların keyfiyyəti baxımından "Sabah"dan geri qalırlar. Çıxış etdikləri liqa o qədər də yüksək səviyyədə deyil, hər ötən il də zəifləyir. O liqada "Qarabağ" kimi nəhəng yoxdur, gərginlik düşünüləcək qədərə çatmır. Böyük ulduzların getmədiyi bir sadə bir çempionatdır. Bu yarışın qalibi olan komanda nəhəng, çox güclü və ya qorxulu ola bilməz. Və deyil də. Amma bu rəqib fiziki cəhətdən hazırda daha yaxşıdır, ümumi fəlsəfəsində də möhkəmlik, dayanıqlılıq var. Təmsilçimiz özünəxas pressinqlə başlamalı, orta, hətta arxa xətti də irəli çıxararaq qısa müddətdə istəyinə nail olmalıdır. Bu çətin olmayacaq, çünki KuPS-in müdafiəsində, xüsusilə də cinahlarda boşluqlar var. Bundan istifadə edərək qol vurub, sonrasında praqmatik futbola keçməklə, əks-hücumlarda ələ düşən imkanlardan yaxşı yararlanmaq, komfort üstünlük əldə etmək olar.
Nəticə
"Sabah" turun favoritidir. Finlandiyalılara yuxarıdan-aşağı baxmaq da olmaz, həddindən artıq yüksək qiymətləndirmək də. Normal, ortabab komandadırlar, gücləri, bacarıqları yetdiyi və rəqibin imkan verdiyi qədər oynayırlar. Bizim çempion sürətli, texnikalı və çevikdir. Bizim ifaçılarımız keyfiyyətlidir, əksəri bir vuruşla matçın taleyini həll edəcək potensialdadır. Üstəlik, ilk matç evdədir, doğma divarlar arasında oynamaq isə həmişə xoşdur.
Uğurlar, "Sabah"!