Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilmiş Macarıstan “Ferentsvaroş”u ilə oyun İtaliya çempionu “Yuventus”un hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, komandasının 2:1 hesabıyla qalib gəldiyi matçda portuqal futbolçu turinlilərin ilk qolunun müəllifi olub.

Bununla da o, Çempionlar Liqasında ev oyununda özünün 70-ci qolunu vurub. Ronaldo bu göstərici üzrə "Barselona"nın hücumçusu Lionel Messinin rekorduna şərik olub.

"Yuventus" 4 turdan sonra 9 xalla G qrupunda ikincidir. Turin klubu növbəti turda (2 dekabr) Kiyev "Dinamo"su ilə qarşılaşacaq.