Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo 2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu olub.


Rekord.az xəbər verir ki, bu barədə məşhur "Forbes" nəşri məlumat yayıb.


40 yaşlı futbolçu 2025-ci ildə 280 milyon dollar qazanıb ki, bunun 50 milyon dolları əlavə gəlirdir.


İkinci yerdə "İnter Mayami"nin argentinalı forvardı Lionel Messi qərarlaşıb. O, 130 milyon dollar (60 milyon dollar maaş, 70 milyon dollar kənar gəlir) qazanıb.


Üçüncü yeri Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasının fransalı hücumçusu Kərim Benzema tutub. O, 104 milyon dollar (100 milyon dollar məvacib, 4 milyon dollar kənar gəlir) əldə edib.


Qeyd edək ki, ilk "10-luğ"a həmçinin "Real"dan (İspaniya) fransalı hücumçusu Kilian Mbappe (95 milyon dollar, 70+25), "Mançester Siti"dən (İngiltərə) Erlinq Holann (80 milyon dollar, 60+20), "Real"ın braziliyalı futbolçusu Vinisius (60 milyon dollar, 40+20), "Liverpul"dan (İngiltərə) Məhəmməd Salah (55 milyon dollar, 35+20), "Əl-Nəsr"dən Sadio Mane (54 milyon dollar, 50+4), "Real"ın digər üzvü Cud Bellingem (44 milyon dollar, 29+15), "Barselona"dan (İspaniya) Lamin Yamal (43 milyon dollar, 33+10) daxildir.