Ramiz Məmmədov "Mingəçevir"lə vidalaşdı
- 13:45
- 41
“Mingəçevir”dən ayrılan baş məşqçi Ramiz Məmmədov klubla vidalaşıb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis “nur şəhəri”nin təmsilçisində çalışmağın şərəf olduğunu, böyük futbolun bu şəhərə gec-tez qayıdacağını bildirib: “Doğma “Mingəçevir”dən ayrılmaq mənim üçün çox çətin olsa da, geridə qalan bir il ərzində xoş izlər qaldı. Bu müddət ərzində bizdən dəstəyini əsirgəməyən hər kəsə - başda klub rəhbərliyinə, çiyin-çiyinə çalışdığım məşqçilər heyətinə, meydanda hər matçda can qoyan futbolçulara və klubun görünməz qəhrəmanları olan inzibati heyətə sonsuz minnətdarlığımı bildirirəm. Xüsusi təşəkkürüm isə bizi heç bir oyunda tək qoymayan, həm ev, həm də səfər matçlarında komandanın yanında olan fanklubumuza və bütün Mingəçevir azarkeşlərinədi. Sizin tribunadakı dəstəyiniz və sonsuz sevginiz hər zaman bizə güc verdi. “Mingəçevir”in bir hissəsi olmaq mənim üçün böyük şərəf idi və burda keçirdiyim hər anı həmişə minnətdarlıqla xatırlayacam. Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı və mənim üçün bu şəhərin, bu klubun yeri hər zaman xüsusi olacaq. Doğma komandama gələcək yolda uğurlar arzulayıram. Hər şey üçün təşəkkürlər!”
Qeyd edək ki, premyer-liqaya yüksəlmək uğrunda mübarizə aparan 1-ci liqa iştirakçısı ötən mövsümü ikinci pillədə başa vurub. Nəticədə pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşan komanda uduzub (2:0). Ramiz Məmmədov hazırda “Karvan-Yevlax”ın baş məşqçisidi.