Qurban Qurbanovun unudulmuş ordeni
- 16 Apr 2020 13:38
- 1722
Aprelin 13-də Qurban Qurbanovun doğum günüydü. Azərbaycanın şəksiz-şübhəsiz ən yaxşı məşqçisi olan Qurban bəy 48 yaşını tamamladı. Həmin günü idman mətbuatında “Qarabağ”ın baş məşqçisinə saysız-hesabsız təbriklər ünvanlandı, onun qazandığı uğurlar xatırlandı. Düzü, kiminsə bu uğurları unutduğunu da düşünmürəm. Çempionlar Liqasının möhtəşəm himninin Bakıda səslənməsi, “Roma”, “Çelsi”, “Atletiko”, “Tottenhem”, “İnter”, “Monako” kimi adlı-sanlı komandaların Azərbaycana rəsmi oyun keçirmək üçün gəlməsi, “Qarabağ”ın avrokubokların qrup mərhələsinin daimi iştirakçısına çevrilməsi hamısı məhz onun zəhmətinin nəticəsi, Qurban Qurbanovun adıyla bağlı olan uğurlardı.
“Qurban Qurbanov özünü həm bir futbolçu, həm də məşqçi kimi özünü təsdiqləməyi bacarıb. Eləcə də peşəkar, vətənpərvər bir insandı. Yəqin ki, siz də razılaşarsız, Qurban Qurbanov özünü oyunlar zamanı ləyaqətlə aparır. Onun bu davranışı, əminliyi futbolçular üçün də əlavə güc mənbəyidi” – bu sözləri cənab prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edərkən Qurbanov barədə səsləndirmişdi. Elə cənab prezidentimizin dediyi ki, bu fikirlərlə hər bir azərbaycanlı razıdı. Çünki bu fikirlər bütünlüklə həqiqətdi və Qurban Qurbanovun illərdi çəkdiyi zəhmətə, Azərbaycan futboluna və ümumilikdə xalqımıza qazandırdıqlarına verlilən yüksək qiymətdi.
Amma çox maraqlıdı ki, bu qiymətin yekun nəticəsi olaraq dövlətimizin ali mükaafatlarından sayılan “Şöhrət” ordeni hörmətli Qurban Qurbanova təqdim edilməyib. “Neftçi” Azərbaycan futbolunda ilk cığırı açıb, 2012-ci ildə Avropa Liqasının qrup mərhələsinə yüksələndə bu uğur ölkə başçısının diqqətindən yayınmamışdı və “Neftçi”nin baş məşqçisi, rəhmətlik Böyükağa Hacıyev həmin ilin 11 dekabrında “Şöhrət” ordeni ilə təltif edilmişdi. Ağsaqqal məşqçimiz, “Xəzər Lənkəran”la “Birlik kuboku”nu qazanan, ermənilər “Neftçi”nin qarşısından qaçanda “ağ-qaralar”ı çalışdıran Ağasəlim Mircavadov da zəhmətinin qarşılığı olaraq “Şöhrət” ordeni ilə mükafatlandırılıb. Olimpiya çempionu İqor Ponomaryov da diqqətdən kənarda qalmadı, ölkə başçımız bu ilin fevralında onu 60 illik yubileyi münasibətiylə ali ordenlə sevindirdi.
Göründüyü kimi, layiq olanlar “Şöhrət” ordenini alır, mükafatlarına qovuşurlar. İnternetdə kiçik araşdırma apardım, ötən illərin yazıları göstərir ki, Qurban Qurbanov da bu mükafata çox yaxın olub. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələndə onun baş məşqçisinin “Şöhrət” ordeni alması ölkə başçısına təqdimat verən Gənclər və İdman Nazirliyində müzakirə olunub. Hər halda qurumun futbol sektoruna rəhbərlik edən Fikrət Hüseynov “Futbol+”in sorğusuna cavabında belə deyib: “Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq bir gözəllik idisə, dünya nəhənglərinə qarşı başabaş oynayıb xallar qazanmaq bir ayrı ləzzətdi. Üstəlik, “Atletiko” kimi rəqiblə səfər matçında, həm də azlıqda oynaya-oynaya. Bütün bunlar Qurbanovun illərlə gördüyü işin, çəkdiyi əziyyətin bəhrəsidi. Yenə deyirəm, ən böyük mükafatlara layiqdi. Bu məsələdə mənim təklifimə ehtiyac yoxdu. Qurban Qurbanovu tək mən yox, bütün Azərbaycan xalqı tanıyır. Baş məşqçiyə qiyməti xalq verib, ona görə də bu gün sevilir. “Şöhrət” ordeninə layiq insandı. Əlbəttə, ən yaxın müddətdə həmin orden Qurban Qurbanova təqdim olunacaq”.
Fikrət bəyin bu açıqlamasının üstündən 3 il keçib. Görünür, Qurban bəyin adına təqdimat yazılması da unudulub. Ümid edək ki, Qurban Qurbanov layiq olduğu “Şöhrət” ordeninə 49 yaşında olmasa da, 50 illik yubileyində qovuşacaq. Gözləyək...