"Qəbələ" - "Mingəçevir" matçı haqda QEYDLƏR
- 13:00
- 79
Dünən keçirilən pley-off matçında "Mingəçevir"i 2:0 hesabı ilə məğlub edən "Qəbələ" Premyer Liqada yerini qorudu. Bu oyunla bağlı qeydlərimi sizinlə də bölüşmək istəyirəm:
Oyuna maraq gözləniləndən artıq idi. Sumqayıtdakı "Socar Polimer Arena"nın tribunaları tam dolmuşdu. Həm Qəbələdən, həm də Mingəçevirdən oyunu izləmək üçün azarkeşlər gəlmişdi. Mingəçevirdən gələnlərin sayının daha çox olduğunu da deməliyəm.
Təşkilatçılıqla bağlı müəyyən problemlər var idi. Stadionun tablosu işləmirdi. Media sektorda aidiyatı olmayan yetəri qədər şəxs var idi ki, bu da müəyyən gərginlik yaratdı. Çünki jurnalistlər ayaq üstə qalmışdı. Əslində nominal meydan sahibi olduğu üçün bu işləri "Qəbələ" etməli idi. Amma bu mənada PFL əməkdaşları daha çox əziyyət çəkdi və polisin də müdaxiləsi ilə məsələ həllini tapdı.
"Mingəçevir"in prezidenti Rafael Bünyatovun Vİp lojada yox, media sektorun üst sırasında, azarkeşlər arasında əyləşməsi də diqqət çəkdi. Onun media sektorun boşaldılmasını tələb edən jurnalistlərə irad tutması, hətta mübahisə etməsi isə xoş və anlaşılan deyildi.
Oyuna gəlincə, "Qəbələ" öncədən favorit idi və oyunda da bunun şahidi olduq. "Mingəçevir" müqavimət göstərmək üçün çox səy göstərsə də, səviyyə fərqi bilinirdi. Hətta deyərdim ki, "Qəbələ" tam gücü ilə oynamadı. Bununla belə, ələ düşən imkanlardan daha yaxşı istifadə etsəydilər, hesab daha da böyük ola bilərdi. Ümumiyyətlə, reqlament məsələsinə yenidən baxmaq heç də pis olmazdı. Çünki Premyer Liqa və I Liqa klubları arasında fərq böyükdür. Əsas fərq büdcə məsələsi ilə bağlıdır. Dövlətdən gələn dəstək arasında da uçurum var. Premyer Liqa klubuna 3 milyon, I Liqa klubuna 300 min. Heç olmasa I Liqa klublarına ən azı 1 milyon manat ayırılmalıdır ki, həm müəyyən qədər Premyer Liqa klublarına yaxınlaşa bilsinlər, həm də I Liqanın da səviyyəsi artsın. Üstəlik, Premyer Liqa klubuna 11 legionerlə oynamağa icazə verildiyi halda, I Liqa klubuna limit qoyulur, bu da aradakı uçurumu daha da dərinləşdirir.
Ayrıca olaraq bir neçə kəlmə də "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovla bağlı qeydlərim olacaq. Maraqlıdır ki, bu cür oyunlarda baş məşqçilər daha çox təcrübəli, Premyer Liqa görmüş futbolçulara şans verir. Amma "Mingəçevir"də Amil Yunanov, Nurlan Novruzov, Bahadur Həziyev kimi futbolçular ehtiyatda qalmışdı. Amillə Nurlan, ümumiyyətlə, oynamadı. Bununla bağlı verdiyim sual isə Ramiz müəllimin xoşuna gəlmədi. Başa düşürəm, bu futbolçular hazır olmaya bilər, amma o zaman ikinci bir sual ortaya çıxır ki, hazır deyillərsə, öz təcrübələri ilə komandaya kömək edə bilməyəcəklərsə, niyə komandaya götürüblər və niyə onlara maaş verilir? Ümumiyyətlə, Ramiz müəllimin jurnalistlərə qarşı aqressiv olması da diqqət çəkirdi. Hər suala da çox əsəbi, aqressiv cavab verirdi, sanki məğlubiyyətin günahkarı jurnalistlər idi. Hətta əlində əlac olsa avtomat götürüb hamını biçərdi. Ramiz müəllimə hörmətim var, münasibətimiz də yaxşıdı, amma dediyim kimi, bugünkü davranışı ona yaraşmadı.
Anar XANLAROV