
"Qəbələ" Futbol Akademiyasında yaşananlara sözardı
- 11:00
- 62
Son günlər "Qəbələ" Futbol Akademiyası ilə bağlı məsələ çox müzakirə olunur, mən də müəyyən fikirlərimi bölüşmək istəyirəm.
Əvvəla, təqdimat düzgün deyil. "Qəbələ" Futbol Akademiyası fəaliyyətini yox, akademiyaya kənardan uşaq qəbulunu dayandırır. Yəni əvvəllər maddi durum yaxşı idi, ölkənin digər bölgələrindən istedadlı uşaqları gətirib "Qəbələ"də yataqxanada saxlayırdılar, yeməklə təmin edirdilər. Biz də bunu hər zaman müsbət mənada qeyd etmişik, "Qəbələ"nin bu baxımdan Azərbaycan futbolu üçün böyük fayda verdiyini demişik, yazmışıq. Bu gün isə həmin maddı imkan olmadığı üçün, klub bundan imtina edir. Yəni akademiya olacaq, amma yataqxana olmayacaq. Aşağı yaş qruplarından ibarət komandalarda yerli və ətraf rayonlardan olan uşaqlar çıxış edəcək. Yəni ortada elə də dramatikləşdiriləcək durum yoxdur.
O ki qaldı AFFA-nın bu məsələyə aidiyatına, məncə, burada obyektiv olmalıyıq. Onsuz da zaman-zaman federasiyanı tənqid edirik, nöqsanları, problemləri qabardırıq, amma bu məsələdə AFFA-nın üstünə bu qədər gedilməsi, hətta onların günahkar kimi təqdim olunması mənə görə düzgün deyil. Çünki AFFA-nın hansısa klubun akademiyasını saxlamaq, yaxud hansısa kluba stadion tikmək kimi bir öhdəliyi yoxdur. Bəli, imkan daxilində kömək edə bilər və insaf naminə edib də. Elə ötən il komanda I Liqaya düşəndə stadionların saxlanılması üçün 700 min pul ayırıldı. Xatırlayırsınızsa, "Gilan" klubun üzərindən əlini çəkəndə və klub çətin duruma düşəndə də AFFA "Qəbələ"yə 1,5 milyon manat vəsait ayırmışdı. Amma dediyim kimi, bunlar könüllü dəstəkdi, reallıqda federasiyanın belə bir öhdəliyi yoxdur. Məsələyə məntiqi yöndən də baxaq. Bunlar müstəqil, peşəkar klublardı. Federasiya hansı məntiqlə müstəqil klubun akademiyasını saxlamalı, onun meydançasını düzəltməlidir? O zaman bu klubun müstəqilliyi harada qaldı? Digər bir tərəfdən, AFFA bu gün "Qəbələ"yə yardım etsə, sabah deyək ki, "Şamaxı", "Kəpəz", "Karvan", "İmişli" və s. çıxıb haqlı olaraq deyəcək ki, bizə də kömək et. Düzgün çıxmır axı. AFFA onsuz da dövlətdən gələn pulu klublar arasında bərabər bölür. Özünüz də üstünü düzəldib edin də bu işləri. Tək "Qəbələ"yə yox, bütün klublara aiddir. Bir uşağın bir rayondan digər rayonda gedib yaşaması nə böyük xərc edir ki? Bir uşağın gündəlik xərcini 25 manatdan götürək. Biz özümüz gündəlik alış-verişə 20-25 manat xərcləyirik. Bu mənada 14-15-16 yaşlı yeniyetmə üçün günə 25 manat elə də az məbləğ deyil, aya 750 manat edir. 750-ni də 11 aya (1 aylıq yay tətilini çıxıram, tətildə hərə öz evinə gedir) vuranda 8250 manat edir. Kominal xərcləri də nəzərə alaq eləsin 8500. Yəni bir uşağın illik xərci elədi 8500 manat. Sən də kənardan 20 istedadlı uşaq seçib öz akademiyana cəlb etsən, bunların illik xərci edəcək 170 000 manat. Dövlət hər il 3 milyon manar pul ayırır. Deyək ki, bu ildən 2.5 milyona salıblar. Klubun öz sponsoru da bunun üstünə 1, 1.5 milyon qoysa, 4 milyon büdcə düzəltmək olur. Bizdə də "Şamaxı"dan başqa demək olar ki, bütün klubların pis-yaxşı, sponsoru var. Yəni sən akademiyanın, uşaq futbolunun inkişafı üçün ilə 170 min manat xərcləmək istəmirsənsə, AFFA-nı bu məsələdə günahkar kimi göstərmək hansı məntiqə sığır? Bir legioner də az al, ona verdiyin pulu akademiyaya xərclə də.
Məni düzgün başa düşün. AFFA-ya vəkillik etmək kimi bir niyyətim yoxdur, tanıyanlar bilir ki, bu qurumu sərt tənqid edən az saylı jurnalistlərdənəm. Amma klubların özündə də az səhv yoxdur. Stadion tapa bilməyən gedib legioner məşqçi gətirir. Elitada qalmaq üçün oynayan vaqon-vaqon legioner gətirir. Nəyə lazımdı əcnəbilərə bu qədər pul xərcləmək? "Qəbələ" Premyer Liqanı tərk edəndə heyətində ayına 8-10 min dollar maaş alan legionerlər var idi. Güman ki, yenə də ən azı 10-12 legioner gətirəcəklər. Bir legioner az gətirib ona verilən pula akademiyada kənardan gələn 15-20 istedadlı uşağı saxlamaq olardı...
Anar XANLAROV