“Qəbələ” bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində “Şəfa”nı qəbul edib.


Rekord.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadzenin oyundan sonra mətbuat konfransı keçirilib. Gürcüstanlı çalışdırıcı “Şəfa”nın çox yaxşı komanda olduğunu bildirib:


“İlk növbədə futbolçularıma təşəkkür edirəm. Çox vacib idi ki, Azərbaycan kubokunda növbəti mərhələyə vəsiqə qazanaq. “Araz-Naxçıvan”la ağır oyundan sonra bu qarşılaşmanın çətin keçəcəyini bilirdik. “Şəfa” da çox yaxşı komandadır, birinci liqanın lideridir.


Bundan başqa, futbolçularımda da mental olaraq sanki bir arxayınlıq var idi ki, birinci liqa komandasına qarşı oynayırlar. Bir növ arxayınçılıq var idi. Amma bu kimi hallara yol vermək olmaz.


Buna baxmayaraq, oyunçularımı bir daha təbrik edirəm və çox şadam ki, növbəti mərhələyə keçdik.


“Şəfa” məğlub duruma düşdükdən sonra irəli atıldı. Arxada boşluqlar verirdi. Fürsətlərimiz oldu, yararlana bilmədik. Futbolçularıma da demişdim, arxayınlaşmaq olmaz. “Şəfa” güclü komandadır, indidən demək olar ki, Premyer Liqa səviyyəsindədir.


Nikbin yanaşırıq. Kubokda sona kimi mübarizəmizi davam etdirəcəyik.


Qışda heyətin gücləndirilməsinə ehtiyac var, bunu hər kəs bilir. Mən də bilirəm, rəhbərlik də bilir. Bu istiqamətdə çalışmalarımız davam edir”.


“Qəbələ” ölkə kubokunun növbəti mərhələsində “Sabah”la qarşılaşacaq.