“Şəfa” bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qəbələ”nin qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmlinin mətbuat konfransı keçirilib. Kərəmli 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:


“Qəbələ”ni təbrik edirəm, çox yaxşı komandadır. Bilirdik ki, bizim üçün çətin olacaq. Təhlil etmişdik komandanı. Ona uyğun olaraq müdafəni daha kompakt qurmuşduq.


Futbolçularımı təbrik edirəm. Həqiqətən, yaxşı mübarizə apardılar. Premyer Liqa komandasına qarşı belə çıxış etmək sevindiricidir. Ümumi götürsək, yaxşı mübarizə apardıq.


Hazırkı durumda elitaya vəsiqə qazansaq belə, legioner futbolçu götürməyəcəyik. Ancaq azərbaycanlı oyunçularla yolumuza davam edəcəyik. Premyer Liqaya çıxsaq, yaxşı azərbaycanlı futbolçular transfer etməyə çalışacağıq.


Hazırda hər bir məşqçi istəyir ki, meydançaya daha hazırlıqlı futbolçu çıxarsın. Amil Yunanovun yaxşı oyunları olub, indi Nahid Əliyevlə Amir Ebrahimzade daha hazırlıqlıdır”.


“Şəfa” ölkə kubokunda mübarizəni dayandırıb.