
Qazaxın futbol ictimaiyyəti AFFA-ya müraciət ünvanladı
- 10:00
- 164
Qazaxın futbol ictimaiyyəti AFFA-ya müraciət ünvanlayıb.
Rekord.az həmin müraciətin mətnini sizə təqdim edir:
Hörmətli AFFA rəhbərliyi,
Hörmətli Futbolun İnkişaf Fondunun nümayəndələri!
Bu müraciəti Qazax futbol ictimaiyyəti adından, regionun onilliklərlə formalaşmış futbol ruhunun sönməməsi üçün sizə ünvanlayırıq. Söhbət yalnız bir klubun Göyəzən FK-nın deyil, Azərbaycan futbolunun regionlardakı mövcudluğu və gələcəyindən gedir.
Tarixi və Uğurlar
1977-ci ildə yaradılan Göyəzən FK, 1986-cı ildə Azərbaycan SSR güclülər dəstəsinin çempionu oldu və 1987–1991-ci illərdə SSRİ II liqasında çıxış etdi .
1992–1996 intervallı çempionatlarda iştirak etdi, sonra 7 il dayandırıldı; 1999–2000-ci illər arası yenidən aktivləşərək Həvəskarlar Liqasında çempionluq qazandı .
2003–2004-cü ildə Birinci Divizionda 2-ci yerdə yer alaraq yüksək dəstəyə vəsiqə qazandı .
2004-cü ildə ölkə başçısı cənab İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə Qazax şəhər stadionunun əsaslı təmirdən sonra açılışı keçirilmişdir.
Klub 2004–2006-cı illərdə Azərbaycan Premyer Liqasında uğurla iştirak etmişdir.
Bu, bir rayonda futbolun dövlət və sponsor dəstəyi ilə necə canlana biləcəyinin bariz nümunəsi idi.
Hazırkı durum isə susqunluq və tənəzzüldən ibarətdir.
Hal-hazırda Göyəzən FK:
sponsorsuz fəaliyyət göstərir,
AFFA Region Liqasında mübarizə aparır,
son iki mövsümdə yarımfinala qədər yüksəlməyi bacarıb,
stadion, peşəkar məşqçi heyəti və baza baxımından digər region klublarına nisbətən üstünlüklərə malikdir.
Lakin maliyyə dəstəyinin olmaması bu potensialı dondurur. Hər gün bir istedad, bir gələcək vəd edən futbolçu, bir ümid futboldan uzaqlaşır...
Strategiya və ölkə futbolunun xilası
AFFA-nın qəbul etdiyi yeni milli strategiyada regionlarda futbolun inkişafı əsas prioritetlərdən biridir. Bu prioritetə uyğun olaraq, Göyəzən FK kimi hazır infrastruktura, tarixə, sosial dayağa və azarkeş bazasına malik klublar xüsusi proqramlarla dəstəklənməlidir.
Bu klubun dəstəklənməsi:
Gənclər arasında sağlam həyat tərzinin təbliği, Regionlarda milli komandaya oyunçu hazırlığı,
Sosial gərginliyin azaldılması,
Dövlət-sponsor-ictimaiyyət sinerjisinin yaradılması deməkdir.
Təklif və Tələbimiz
Biz AFFA və Futbolun İnkişaf Fonduna rəsmi şəkildə müraciət edirik:
1. Göyəzən FK-ın strateji inkişaf proqramına salınması,
2. Klubun Futbolun İnkişaf Fondu vasitəsilə maliyyə dəstəyi ilə təmin olunması,
3. Qazax bölgəsində futbolun dirçəlməsi üçün AFFA–rayon–sponsor üçbucağının formalaşdırılması.
Sonda onu deyə bilərik ki bu klub yaşamalıdır!
Göyəzən FK sadəcə bir futbol komandası deyil, Azərbaycanın futbol yaddaşıdır, minlərlə gəncin ümididir. Bu klubun fəaliyyətinin dayandırılması təkcə bir stadionun boşalması deyil, bir bölgənin idmandan uzaqlaşdırılmasıdır.
Gəlin Göyəzənin işığını söndürməyək.
Gəlin birlikdə bu stadionlarda yeni milli oyunçular yetişdirək!
Hörmətlə,
Qazax futbol ictimaiyyəti adından