“Qarabağ”la matçda qazanılan xal dəyərlidir” - Rəşad Sadıqov
- 20:24
- 27
“Oyun bizim üçün qola qədər daha rahat gedirdi. Amma sonra "Qarabağ" sürəti artırdı”.
Rekord.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la 1:1 hesablı heç-heçə ilə yekunlaşan matçı şərh edərkən deyib.
Mütəxəssis matçın olduqca ağır keçdiyini, rəqibin təzyiqini bir daha hiss etdiklərini və "Ayaks"la oyun öncəsi "Qarabağ"ın öz gücünü daha da artırdığını vurğulayıb. O, taktiki olaraq rəqib təzyiqinə dözməyə çalışdıqlarını və qol epizodlarına görə heç-heçənin ədalətli olduğunu bildirib:
"Qarabağ"la matçda qazanılan xal dəyərlidir. Onlara qarşı mübarizə aparmaq çox çətindir. "Neftçi" ilə kubok oyunundakı 120 dəqiqəlik mübarizədən sonra futbolçularımın əzmkarlığı təqdirəlayiqdir. Belə də davam etməliyik".
Sadıqov hücumdakı problemləri Brahim Konate və Davit Volkovun yoxluğu, digər oyunçuların isə yorğunluğu ilə əlaqələndirib. O, Abdullah Zubirin epizodunda hakimdən qırmızı vərəqə tələb etməsi ilə bağlı suala isə belə aydınlıq gətirib:
“Yəqin ki, gördünüz, 4-cü hakimə yaxınlaşdım. Onunla yarızarafat, yarıciddi danışırdım, yüngül təzyiq göstərirdim (gülür). Aramızda ciddi dialoq olmadı”.