
"Qarabağ"ın ispaniyalı sabiq futbolçusu: "Komanda səfər oyunlarında daha təhlükəlidir"
- 17:00
- 40
"Qarabağ" komandası səfər oyunlarında daha təhlükəlidir.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun sabiq futbolçusu Miçel Madeyra "Ondavasca" nəşrinə açıqlamasında deyib.
39 yaşlı ispaniyalı keçmiş yarımmüdafiəçi UEFA Çempionlar Liqasının bu gün keçiriləcək "Atletik" - "Qarabağ" oyunundan əvvəl fikirlərini bölüşüb.
O, "Qarabağ"da beş il çıxış etdiyini xatırladıb:
"Burada gözəl illərim olub. Mən klubu, Bakı və Azərbaycanı ikinci vətənim hesab edirəm. Bu, çox çalışqan insanların olduğu gözəl klubdur. Heç vaxt bu yer haqqında pis şey deyə bilmərəm. Ölkə inkişaf edib, xüsusən də Bakıda maraqlı işlər görülüb".
M.Madeyra "köhlən atlar"ın klub olaraq inkişaf etdiyini vurğulayıb:
"Onlar yaxşı transferlər edirlər. Qurban Qurbanov çalışdığım ən yaxşı baş məşqçilərdən biridir. Ondan çox şey öyrənmişəm".
Sabiq yarımmüdafiəçi "Qarabağ"ın I turda Portuqaliyada "Benfika"ya qalib gəldiyini (3:2) xatırladıb:
"Komandanın müdafiədən hücuma keçidi çox sürətlidir və bacarıqlı futbolçuları var. Onlardan biri də Abdullah Zubirdir. "Qarabağ"ı səfərdə daha təhlükəli hesab edirəm. Xüsusən də Portuqaliyada "Benfika" ilə oyunda 0:2 hesabı ilə geri düşsələr də, geridönüş edə bildilər".
Qeyd edək ki, bu gün "San Mames" stadionunda keçiriləcək "Atletik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.