Növbə "Qarabağ"dadır.


Qurban Qurbanovun komandası səfərə rahat yollanmaq üçün ilk matçda üstünlük qazanmağa çalışacaq. Rəqib Bolqarıstan ÇSKA-sıdır. Ciddi rəqibdir, yaxşı heyətə malikdirlər. Təmsilçimiz üçün məşq xarakterli keçən ilk mərhələdən sonra "avrokubok hələ indi başlayır" deyə bilərik. 


Sizə ÇSKA-nın tarixi, nailiyyətləri, stadionu, həmçinin digər tərəfləri haqda yazmayacam. Vikipediyada hamısı var, Google da köməyiniz olsun. Bizə komandanın hazırkı durumu, meydandakı güclü və zəif tərəfləri maraqlıdır.


ÇSKA hücum komandasıdır. Ordu təmsilçisi işi irəli xətdəki fəaliyyətləri ilə həll etməyə çalışır. Daima topdan öndə olmaq istəyən kollektivdir. Bunun bolqarlar üçün müsbət tərəfləri olduğu kimi, yaratdığı çətinliklər də az deyil. "Hərbçilər" meydana adətən 4-5-1-lə çıxır. Standart düzülüşləri belədir, amma baş məşqçi Hristo Yanev gedişata, rəqibə uyğun dəyişikliklər etməyi xoşlayır. Məsələn, ötən mövsümün böyük hissəsində bu sxem 4-1-4-1-ə çevrilirdi, dayaq yarımmüdafiəçisi Jordao müdafiənin önündə tək oynayırdı. Yayda isə fərqli ÇSKA görürük. Yoxlama görüşlərində və "Derri Siti"ylə ev oyununda xətti yarımmüdafiə oynadılmışdı. Yalnız səfərdə "hərbçilər" 3-5-2-yə keçərək daha etibarlı oynamaq, həm hesabı qorumaq, həm də oyunu əks-hücumda qurmaqla qalib gəlmək istəmişdilər. Bu plan da uğurlu olmuşdu. Son bir neçə matçda Yanev 4-4-2-yə qayıtdığına işarə vermişdi. Bunu iyunda "Odra" ilə yoxlama görüşündə sınamış, uğurlu alınmışdı. Məhz o matçdan sonra komanda bu sistemlə davam etdi və irlandlarla ilk matçda həyata keçirildi.


Ümumilikdə isə ÇSKA düzülüşdən asılı olmayaraq xətti yarımmüdafiə ilə oynayır. Köhnə ingilis sistemi kimi. Top cinahlara çıxarılır, rəqibin cərimə meydançasına qədər getmək mümkün olursa, oradan asma və ya sürətli yerlə ötürmə edilir. Alınmırsa, mərkəz yarımmüdafiəçiləri önə çıxır, hücumdan isə bir nəfər arxaya gələrək üçlü yaradır, oyunu ortadan davam etdirməyə çalışırlar. Ancaq adətən bu həmlə aldadıcı olur, topu yenə də cinaha daşımağa cəhd edirlər. Əks hücumlarda da belədir. Məqsəd məhz ortadan girmək olmur, cinahları işlək edirlər.


Xüsusi pressinq bacarıqları yoxdur. Ön xətdə təzyiq etmək alınırsa, qısa edirlər, bir növ "yoxlayırlar". Bunu daha uzun müddətə yaymırlar, belə oyun planları yoxdur. Amma hücumda olmağı sevirlər. Uzaqdan zərbələr (bunu çox yaxşı bacarırlar), müxtəlif sürətli kombinasiyalar, standart vəziyyətlərdən fərqlənmələr, bir sözlə, hər şey var. ÇSKA hücum komandasıdır, qol vurmaq üçün hər variantdan, hər imkandan istifadə edir. "Hərbçilər"i bu baxımdan azarkeşləri kimi "xuliqan" adlandırmaq olar.


Ona görə də zəif nöqtələri müdafiədir. Bu xəttin hansısa nöqtəsi yox, ümumi müdafiə oyunu gərəkli səviyyədə deyil. Məsələn, pressinq altından çıxmaqda çətinlikləri var. İntensiv futbola qarşı çıxış yolları yoxdur, oyunları alınmır.


Bu matçda nəticə rəqibdən yox, "Qarabağ"ın performansından asılı olacaq. ÇSKA islandiyalılar kimi həvəskar komanda deyil. Şans qazansalar, mütləq yararlanacaqlar. Məsələ təmsilçimizin buna nə dərəcədə imkan verəcəyidir. Matçın başlanğıcında üstünlüyün bizim tərəfdə olacağı dəqiqdir. Sonrakı hissələrdə fiziki hazırlığımızın səviyyəsi öz sözünü deyəcək. Oyun təcrübəsinin azlığı "Qarabağ"ın əksinə işləyən məqamdır, ancaq komandanın oyun tərzi elədir ki, bu çətinliyi pas trafiki ilə aradan qaldıra bilir. Qurban Qurbanovun yetirmələri həmişə mövsümə ləng başlayır, formanı gedişatda yığırlar. Ötən 2 matç buna yardımçı oldu, ancaq rəqibin zəifliyi bunun yetərli saymağa imkan vermir.


Bir şey dəqiqdir ki, "Qarabağ" bu cütün favoritidir. Bizim komanda ÇSKA-dan səviyyəcə üstündür, daha yaxşı, daha güclüdür. Qalır bu gücü meydanda nümayiş və sübut etmək. Bunun üçün azarkeş dəstəyi də vacibdir. "Köhlən atlar" həmişə bu amildən yaxşı istifadə edə biliblər. Stadion dolu olanda komanda da yaxşı oynayır. Odur ki, axşam matça gəlməyiniz və "Qarabağ"a dəstək olmağınız lazımdır. Əminəm ki, komanda da bunun əvəzini yaxşı oyun və qələbə ilə verəcək.


İrəli, "Qarabağ"!