Bu gün milli oynayır. Rəqib Fransadı. Uzun-uzadı şərhə, proqnoza ehtiyac yoxdu. Hər şey aydındı. 


Heyətində dünya ulduzları olan nəhəngə qarşı bizim yalnız bir üslubumuz ola bilər: komanda oyunu. Klassik səslənsə də, bir olmaq, meydançanın hər qarışı uğrunda mübarizə aparmaq, hər top üçün vuruşmaq. Bunu görmək istəyirik.


Komanda ilə birlikdə səfərə gələn (dəstəyə görə "Misli"yə təşəkkür edirəm) biri kimi deyə bilərəm ki, yığmamızın üzvləri Fransa matçına düz kökləniblər, əlavə stress və ya gərginlik yoxdu. 30 il əvvəlki məlum matç da müzakirələrdə gözlədiyimizdən daha az yada salınır, daha az xatırlanır. Bu, yaxşıdı. Komanda nəticədən çox prosesdən zövq almağa, təcrübə qazanmağa çalışır. Bunu oyunöncəsi mətbuat konfransında Ayxan Abbasov da qeyd etdi.


Ayxan Abbasov demişkən. Gənc mütəxəssis faktiki ilk rəsmi oyununa Fransa kimi rəqiblə "Park de Prens"də çıxacaq. Ağır yükdü və deyərdim ki, hazırda o, təkcə özü yox, ümumilikdə yerli məşqçi seximizin nüfuzu üçün performans göstərməyə çalışacaq. Uzun illərdən sonra AFFA doğru addım ataraq millinin sükanını yerli mütəxəssisə tapşırıb və hamımızın nəhayət, nələrinsə düzələcəyinə ümid etmək şansımız yaranıb. Abbasov yaxşı məşqçidi, klublarda minimal imkanlarla yaxşı nəticə göstərməyi bacaran biri olduğunu da dəfələrlə sübut edə bilib. Yığmamızda da durum eynidi. Hazırda heyətimiz yalnız minimal işlərə imkan verir, daha güclü komandalara qarşı motivasiya, ən xırda şansdan belə möhkəm yapışmaq və ondan istifadə etməklə nəyəsə ümid edə bilirik. Bu baxımdan federasiyanın məşqçi seçimini düzgün etdiyi bir daha qeyd etmək olar.


Bu məqamda qeyd edim ki, bu matçın nəticəsi heç nəyi dəyişməyəcək. 8-9 top fərqiylə uduzsaq da, möcüzə baş versə, xal belə qazansaq, bunu yalnız bu gün üçün fərqləndirə biləcəyik. Ölkə futbolumuzun problemləri çoxdu, daha bir böyükhesablı məğlubiyyət bu problemləri daha da dərinləşdirməyəcək. Yaxud xal qazanmağımız da Azərbaycan futbolunun bir gündə raket sürətilə inkişaf etməsi demək də olmayacaq. Bir matçdı, gözəl stadionda, gözəl ab-havada, əla futbolçulara qarşı oyun izləmək şansıdı və biz bundan istifadə edəcəyik. Nəticə nə olursa-olsun.


Mən məhz belə düşünürəm. Bir matçın nəticəsinə baxıb nəyəsə qərar vermək səhv olar.


Amma mən komandadan mübarizə gözləyirəm. Bu formanın ağırlığı hiss edilməli, onun müqəddəsliyi dərk edilməlidi. Əsas olan budur. Fransızlarda da meydana iki əli, iki ayağı, bir başı olan adamlar çıxacaq, bizdə də. Onların istedad və ustalıq səviyyəsi bizimkindən təbii ki, yaxşıdı, biz onları bunda üstələyə bilmərik. Amma döyüşkənlik və mübarizlikdə onları üstələyə, arxada qoya bilərik. Buna mane olacaq bir qüvvə yoxdu. Bir top buraxarıqsa, ikinci buraxmamağa çalışmaq, ikinci buraxarıqsa, üçüncünü buraxmamaq üçün bir o qədər dəfə mübarizəni artırmağı bacararıq. Şans düşərsə də - ki, mütləq düşəcək, biz də rəqib qapısında olacağıq, imkanlarımız da olacaq - ondan yararlanmaq gərəkəcək. 


"Park de Prens"də də oldum dünən. Çox gözəl stadiondu, burda oynamaq hər bir futbolçu üçün fəxr olar. Ancaq nədənsə mənə qorxulu, vahiməli bir yer kimi görünmədi. Bəlkə də hələ tribunalar boş idi, fanat səsi yox idi. Ancaq Avropanın xeyli böyük arenasında olmuş birisi kimi bu iddianı edə bilərəm. Təzyiq olacaq, amma bu təzyiq dözülməz bir təzyiq olası deyil. Həm də futbolçularımızın çoxu buna öyrəncəlidilər. Belə şeylərlə onları qorxutmaq çətin məsələdi.


Hazırlaşaq, axşam ekran qarşısına keçəndə inamımız itirməyək. Sizi əmin edirəm ki, Bakıdakı əhval bura təsir edir. Bakıda sizlər inamlı olacaqsa, burda da inam artıb meydanda öz müsbət əksini tapacaq. İnanaq və dəstək olacaq. Çünki milli bizimdi, bizdən başqa heç kim ona sahib çıxmayacaq.