Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ölkə xaricindəki təlim-məşq toplanışını başa vurub. "Rekord.az" xəbər verir ki, komandamız artıq Vətənə qayıdıb.

12-16 may tarixlərində Macarıstanda təlim-məşq toplanışında olan komandamız bu ölkənin yığma komandası ilə iki yoxlama oyunu keçirib və hər iki qarşılaşmada qələbə qazanıb (3:0, 3:1).

Daha sonra Sloveniyaya yollanan voleybolçularımız mayın 16-dan 29-dək Maribor şəhərində hazırlıq keçiblər. Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız burada baş tutan yoxlama oyunlarında Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) millilərini,  eləcə də ABŞ-nin “Colgate”  klubunu (3:0) məğlub edib.

Qeyd edək ki, yığmamız Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandamızın rəqibləri İsveç və Estoniya milliləri olacaq.