"Xankəndi" elitaya doğru
- 19:04
- 38
"Xankəndi" haqqında da danışmalıyıq.
Bir az əvvəl bitən pley-off matçında qalib gələn "Ağstafa Gəncləri" II Liqada yerini qorudu. Turniri isə "Xankəndi" FK qazandı. "Qaradağ Lökbatan"la gərgin mübarizəni demək olar ki qüsursuz keçirən komanda layiqli çempionluq yaşadı.
II Liqa yarımpeşəkar statusa malikdir. Burada xeyli futbolçu maaşsız, bəzən sadəcə yolpuluna, bəzən matçbaşı qonorara oynayır. Bəzi komandalar mütəmadi məşq keçə bilmir, bəziləri stadion tapmadıqlarından böyük meydançaya minifutbol meydançasında məşq keçməklə hazırlaşırlar. Belə məqamlar çoxdur. Amma yaxşı II Liqa var və belə problemlər, çətinliklər məhz burada qalır, daha yuxarı liqalara çatmır, ələnir. Yarışın özü isə rəqabətli yarışdır. Bu qədər çətinlik içində olmaları futbolçuları hər matça az qala ölüm-dirim savaşı kimi baxmalarına gətirib-çıxarır. Futbolun səviyyəsi təbii ki, çox aşağıdır. Ancaq oyunlardakı gərginlik, mübarizə, hərarət yuxarı liqalardan geri qalmır. Burada qalib olmaq üçün sadəcə yaxşı futbol oynamaq, texnikalı, kombinasiyalı oyun nümayiş etdirmək bəs eləmir. Nə qədər şablon səslənsə də, hər top uğrunda döyüşmək gərəkdir.
Məhz bu liqada "Xankəndi" ən üst pillədə qərarlaşdı. Cəmi 1 il əvvəl Region Liqasında eyni uğuru yaşayan Qarabağ təmsilçisi, mövsümə diqqətli, doğru yanaşaraq daha üst liqanın qızıl medallarına sahib çıxdı. Əminliklə söyləmək olar ki, bu gedişlə qarşıdakı I Liqa sezonunun da favoriti, Premyer Liqaya gəlməyə ən real namizəd məhz "Xankəndi" olacaq.
Klubun meneceri Rəşad Babayevi fərqləndirəcəm. Onun enerjisi ayrı bir qüvvədir və komanda üçün əlavə güc, motivasiyadır. Belə futbol adamları nə qədər çox olsa, futbolumuz bir o qədər güc qazanar.
Klubun adı ağır bir məsuliyyət yaradır. Etiraf edim ki, yarandığı ilk vaxtlarda bura qədər, özü də bu tezliklə gələcəklərinə inanmırdım. Çünki böyük ad qoyub, cılız işlər görən çox kollektiv görmüşük. "Xankəndi" fərqli oldu. Sanki siftədən işi elə qurmuşdular ki, həvəskar, yarımpeşəkar liqalarda çox vaxt itirməsinlər. Əhsən!
Qalır gözlənilənlərin baş verməsi. Əvvəlcə, komandanın ev oyunlarını keçirmək üçün Xankəndi şəhər stadionuna köçməsi lazımdır. Uzaq və çətin bir gələcək deyil artıq. Arenadakı təmirin sentyabrda bitməsi gözlənilir. Bu vaxta qədər dövlətdən icazənin alınması prosesi də başa çatar və futbol Qarabağa qayıdar.
Son nöqtə isə Qarabağın Azərbaycan futbolunun elita coğrafiyasında de-fakto yer alması olacaq. Xankəndidə bir kubok matçı izləmişik. I Liqa, sonra isə Premyer Liqa üçün işğaldan azad olunmuş ərazilərimiz üçün ora yollanmaq böyük sevinc, zövq, bayram olacaq.