“Oyunlar obyektiv və neytral idarə olunmalıdır” - Kurtinaytis
- 20 Dek 2025 23:25
- 27
“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 10-cu turu çərçivəsində “Abşeron Lions” ilə oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 97:101 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Bəzi hissələrdə yaxşı, bəzilərində isə pis oynadıq. Bu da yorğunluqla bağlıdır. Amma bununla yanaşı bugünkü oyunda qeydə alınan nəticədə böyük pay sahibi hakimlər oldu.Çempionlar liqasında böyük komandalara qarşı mübarizə apardıq. Azərbaycan çempionatında isə rəqiblər bizə qarşı yüksək motivasiya ilə oynayırlar. Təbii ki, qarşılaşdığımız bütün rəqiblər bizə qalib gəlmək istəyir. Hakimliklə bağlı bəzi məsələlər var ki, susmaq olmur. İlk olaraq hakimlərdən birinin oyuna gecikməsinə baxmayaraq görüşün daha öncə təyin olunan vaxta keçirilməsinə razılıq versəm də, bu məqam mənə qaranlıq qaldı. Artıq neçənci oyundur ki, hakimlərin bizə qarşı kobud səhvləri və müəmmalı qərarları ilə üzləşirik. Mən yerimdən qalxaraq hakimə verdiyi qərarla bağlı sual vermək istəyəndə texniki fol alıram. Halbuki hakim sualı bəlkə tam və aydın eşitmədi. Üstəlik mən artıq illərdir basketboldayam və bilirəm hakimə hansı sözü demək olar, hansı söz yox. Bəzi qərarlarına baxdıqda, sanki oyunda olmadıqlarını hiss etmək olar. Düşünürəm ki, komandalarla yanaşı hakimlik də liqanın səviyyəsinin qalxmasında çox vacib rol oynayır. Oyunlar obyektiv və neytral idarə olunmalıdır. Bizim klub olaraq məqsədimiz keyfiyyətli iş ortaya qoyaraq Azərbaycan basketbolunun inkişafına öz töhfəmizi verməkdir. Mən də yenidən Azərbaycana bu məqsədlə qayıtmışam. Düşünürəm ki, federasiya bu oyundan sonra bu cür halların bir daha təkrarlanmaması üçün hakimliklə bağlı ciddi qərarlar qəbul etməlidir”.