Əsaslı təmirdən sonra qapıları açılan akademiya və Tovuz şəhər stadionu haqda daha ətraflı bilgi əldə etmək üçün klubun İdarə Heyətinin sədri Oqtay Abdullayevlə söhbətləşməyi lazım bildik.

Rekord.az Tovuz klubunun rəsmisinin müsahibəsini təqdim edir:



- Əvvəlcə bütün media orqanlarına “çox sağ ol” deyirəm ki, Tovuz futboluna bu qədər diqqət ayırırlar. Bir ildən artıq idi akademyanın açılışını gözləyirdik. Nəhayət, arzumuz çin oldu, Tovuzda müasir standartlara cavab verən futbol məbədinin qapıları futbolsevərlərin, gənc nəslin üzünə açıldı. Eyni zamanda, başda Rövnəq Abdullayev olmaqla AFFA rəhbərliyinə də təşəkkür edirəm. Məhz ölkə futboluna rəhbərlik edən şəxslər belə bir akademiyanın Tovuzda olmasına qərar verdilər. Bu akademiya bölgədə bu idman növünün inkişafına təkan verməklə yanaşı, Azərbaycan futboluna da töhfə verəcək. Özünüz də bilirsiz ki, bu gün istər premyer-liqa, istərsə də divizionda çıxış edən əksər klublarda Tovuz futbol məktəbinin yetirmələri çıxış edir. Akademiyada ilk növbədə tovuzlu uşaqlara üstünlük verəcəyik. Təbii ki, ətraf bölgələri də unutmayacağıq. Qazaxda, Ağstafada, Şəmkirdə və Gəncədə olan istedadları da akademiyaya cəlb edəcəyik. Hamı bilir ki, qərb bölgəsində futbola maraq böyükdü. Hər kənddə, qəsəbədə yetərincə istedadlı uşaq var. Çalışacağıq onların heç biri diqqətdən kənarda qalmasın, itib-batmasın. Bazaya gəlincə, sözün həqiqi mənasında çox yüksək səviyyədə işlər görülüb. Belə şəraitdə futbolçuların yetişməməsi qeyri-mümkündü. Mən şəxsən inanıram və gözləyirəm ki, yaxın 4-5 ildə Tovuz akademiyasından çıxan uşaqlar ölkənin aparıcı klublarının, eləcə də müxtəlif yaş qrupu üzrə yığmaların şərəfini qoruyacaqlar.

- Ancaq onu da bildirək ki, yeni baza və akademiyaya qoyulan sərmayə mətbuatda çox müzakirə olunur. Bəzilərinin fikrincə, görülən işlər üçün ayrılan vəsait heç də real rəqəmlər deyil. Yəni AFFA rəhbərliyi maliyyəni “şişirdib”. Siz necə düşünürsüz?
- Əvvəlcə onu bildirim ki, “Turan Tovuz” klubu olaraq, bizim təmir işləri üçün ayrılan vəsaitə nəzarət etmək səlahiyyətimiz olmayıb. Ancaq aparılan təmir işlərindən də görünür ki, böyük həcmli işlər görülüb. Baza dedikdə tək inzibati bina nəzərdə tutulmur. Bu gün stadionun ayrıca qazanxanası, yarımstansiyası var. Bundan başqa, yeni meydançalar salınıb. Akademiyanın və klubun ixtiyarına verilən bazada hər şey sıfırdan təmir olunub. Mən də mətbuatda, sosial şəbəkələrdə yazılanlarla tanışam. Orda tək pəncərə çərçivəsi dəyişməyib. Yenə deyirəm, böyük həcmli əsaslı təmir işləri aparılıb, bir çox yenilik edilib. Hər şeyi qara görmək lazım deyil. Kim istəyir, bazaya baş çəkə, yeniliklərlə yerində tanış ola bilər. Şəxsən mən bu yöndə istənilən media nümayəndəsinə kömək etməyə hazıram. Gedib hər şeyi yerində görmək başqa, şəkillərə baxıb fikir irəli sürmək başqa. Məcbur edirsiz ki, təkrar fikirlər səsləndirim. Bu gün Tovuzun stadionu, bazası və akademiyası müasir standartlara cavab verir. İstər peşəkarlar, istərsə də futbolun sirlərini yeni öyrənən uşaq və gənclərin inkişafı üçün hər xırda detal nəzərə alınıb, mükəmməl şərait yaradılıb. Bu gün kiçik bir ev tikən adam az qala onminlərlə manat pul xərcləyir. İndi o boyda işlərə ayrılan vəsaiti niyə “şişirdilmiş rəqəmlər” kimi qəbul edirlər? Hamı yazır ki, baza və stadion var idi. Bu pullar hara xərclənib? Bunu yazan adam, görəsən, bir daşı daş üstə qoyub? Mən artıq heç nə demək, kimisə nədəsə ittham etmək istəmirəm. Ən yaxşısı getsinlər və görülən işlərlə yerində tanış olsunlar. Əvvəldə qeyd etdiyim kimi, təmirə ayrılan vəsaitin kluba aidiyyatı olmayıb ki, deyim bizim marağımız var, ona görə də söylənilənləri təkzb edirik. Hər şey göz qabağındadı.

- Akademiyaya kadr seçimi “Turan Tovuz” rəhbərliyində olacaq, yoxsa AFFA?
- Akademiya klubun nəzdində fəliyyət göstərəcək. Ora məşqçlər dəvət olunacaq, akademiyanın rəhbəri olacaq. Bütün bu işlər kluba aiddi. Rövnəq Abdullayev də, Elxan Məmmədov da bildirdilər ki, çalışın burda qohumluq, tanışlıq olmasın. Akademiyaya seçimlər 5-6 məşqçi tərəfindən aparılacaq və ən layiqlilər ora götürüləcək. Mən də “Turan Tovuz”a rəhbər təyin olunandan belə məsələlərə həssas yanaşmışam. Bacarığı, savadı olan məşqçi kimi dəvət olunacaq, perspektivi və potensialı olan uşaqlar seçiləcək. Biz orda sosial yardım fondu və ya xeyriyyə fondu açmırıq ki, kimlərsə gəlib havayı pul qazansın, yemək yesin. Hər şey peşəkar səviyyədə, lazımi qaydada olacaq. Mən orda işləyirəmsə, kim layiqdisə, o da akademiyada çalışacaq və oynayacaq.

- Yazılan və gəzən söz-söhbətə inansaq, açılış zamanı orda olan Tovuzun icra başçısı Məmməd Məmmədovla Rövnəq Abdullayev arasında “Turan Tovuz”un premyer-liqaya dönüşü barədə söhbət olub. Abdullayev SOCAR-ın klubu maliyyələşdirməyə imkanı olmadığını bildirib. Bu haqda nə deyə bilərsiz?
- Birincisi, orda olan biri kimi sizə deyə bilərəm ki, adını çəkdiyiniz şəxslər arasında bu mövzuda heç bir söhbət olmayıb. İkincisi, komanda elitaya dönmək üçün birinci divizionda birinci və ya ikinci pilləni tutmalıdı. Üçüncüsü, premyer-liqada çıxış etmək istəyən klub lisenziyalaşdırmanın tələblərini yerinə yetirməlidi. Bu gün üçün “Turan Tovuz” maliyyə şərtləri istisna olmaqla, bütün şərtləri yerinə yetirmək iqtidarındadı. Bildiyim qədər cari mövsümdə ilk iki yeri tutacaq komandalar elitaya yüksələcəklər. Təbii ki, bizim əsas istəyimiz mövsümü biinci və ya ikinci pillədə başa vurmaqddı. Qarşıda hələ 16 tur var. İki dəfə aşağı dəstənin çempionu olan komanda kimi istəyirik ki, bu “futbol ili”ni də “qızıl”la başa vuraq.

- Tovuzun yerli icra strukturları, iş adamları komandaya dəstək verməyi düşünür?
- Komanda birinci dəstədə çıxış etdiyi dönəmdə yerli iş adamlarına müraciət etdim, komandaya dəstək vermələrini istədim. Təəssüf ki, heç kim bu işə qol qoymadı. Ancaq maraqlanırlar, komandanın çempionatda necə çıxış etdiyini izləyirlər. Ola bilər, komanda elitaya yüksəlsə, kömək edərlər. Amma indki vəziyyətdə yaxın duran yoxdu. Tovuzda futbolu sevən imkanlı adamlar çoxdu, əlini cibinə atan isə yoxdu. ("Futbol plus" qəzeti)