Avstriya Futbol İttifaqı milli komandanın baş məşqçisi Ralf Ranqniklə müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, yeni razılaşmaya əsasən, almaniyalı mütəxəssis 2028-ci ilədək Avstriya millisinin baş məşqçisi vəzifəsində çalışacaq.


67 yaşlı Ranqnik 2022-ci ildən Avstriya yığmasına rəhbərlik edir. Təcrübəli mütəxəssis daha əvvəl ölkəsinin "Leyptsiq", "Şalke", "Hoffenhaym", "Hannover" və "Ştutqart" klublarında baş məşqçi kimi fəaliyyət göstərib. O, "Şalke" ilə Almaniya Kubokunun qalibi olub, həmçinin Bundesliqanın gümüş mükafatlarını qazanıb.


Mütəxəssis 2021-ci ildə Moskvanın "Lokomotiv" klubunda çalışıb, daha sonra isə 2021/2022 mövsümündə İngiltərənin "Mançester Yunayted" komandasının müvəqqəti baş məşqçisi olub.


Qeyd edək ki, Avstriya millisi 2026-cı il dünya çempionatında İordaniya, Argentina və Əlcəzair yığmaları ilə eyni qrupda mübarizə aparacaq.