
“Nəinki əcnəbi, yerli futbolçu da gətirə bilmirik” - Ayxan Abbasov
- 16 Avq 2025 22:54
- 47
“Şamaxı” bu gün Misli Premyer Liqasının 2025/26 mövsümünün ilk turunda “Neftçi”nin qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:
“İlk oyun idi. Bilirdik ki, “Neftçi”də yeni oyunçular var, rəqibləri təhlil etmək çətin olur. İlk turda, səfərdə, bu arenada, azarkeşlərin qarşısında çətindir. Amma buna baxmayaraq, futbolçularımdan razıyam. Səfərdə bir xal bizi sevindirir. Azarkeşlərimizə təşəkkür edirəm. Bu il daha yaxşı olmaq istəyirik. “Neftçi”yə də uğurlar!
Komandanın ehtiyat qüvvəsi daha çox gənclərdir. Çəkinmədən onlara da şans verəcəyik. Təbii ki, onların oyunu əsas heyətdən fərqlidir. Büdcəmiz bəllidir. İnanın ki, bu gün nəinki əcnəbi, yerli futbolçu belə, gətirə bilmirik. Ona görə də, hədəfimiz bəllidir.
Edqar (Adilxanov) bizim əsas oyunçudur. Təlim-məşq toplanışlarında, yoxlama oyunlarında daha çox fərqlənən oyunçulara şans verdik. Edqarın mövqeyində rəqabət var. Bizi qane etmək üçün çox çalışmalıdır”.