“Neftçi”nin bəxtindəndi...
- 2022-07-29 16:13
- 1752
Dünən axşam “Neftçi” adına layiq qələbə qazandı. Bəli, məhz adına layiq. Ölkənin ən qocaman klubu üzərinə düşəni etdi, “Aris”i Bakıdan üç cavabsız topla yola saldı. “Ağ-qaralar” bununla sübut etdilər ki, ötən həftə “AEK Arena”da qeydə alınan hesab heç də tərəflərin əsl gücünü əks etdirmirdi. “Neftçi”nin həm avrokubok təcrübəsi, həm adı-sanı “Aris”dən xeyli üstün idi. Belədə paytaxt klubu belə bir rəqibə uduzmaqla mübarizəni dayandırmaqla özünü azarkeşlərinin gözündən salar, mətbuatın tənqid hədəfinə çevirərdi.
Şükürlər olsun ki, hadisələrin axarı xoş sonluqla nəticələndi, “Neftçi” rəqibin qapısına mərhələ adlamaq üçün yetərli sayılacaq qədər qol vurdu. Düzdü, zaman-zaman həyacanlandıq. Hesab bizi tam qane etsə də, oyunun gedişatında bəxtin üzümüzə güldüyü anlar da oldu. Hətta epizodların birində görüşün baş hakimi Bastian Dankert “Neftçi”nin qapısına penalti də təyin edə bilərdi. Yaxşı ki, almaniyalı hakim “ağ nöqtə”ni göstərmədi, görüşü davam etdirdi. Ümumilikdə isə hakimlər briqadasının oyunu ədalətli idarə etdiyini, tərəflərin heç birinin haqqını yemədiyini demək mümkündü. Bu əminliyi “Neftçi”nin layiqli qələbə qazandığını deyərkən də qorumalıyıq. Təmsilçimiz “Bakcell Arena”da səviyyə fərqini ortaya qoydu, “Rapid”in qarşısına çıxmağa layiq olduğunu isbatladı.
Könül istərdi ki, “Neftçi”nin avrokubok yolu qruplara qədər uzansın, “ağ-qaralar” qrup mərhələsində “Qarabağ”a yol yoldaşlığı etsinlər. “Neftçi”nin güclü olması elə “Qarabağ”ın da xeyrinədi. Belədə “köhlən atlar” Azərbaycan Premyer Liqasına da ciddi yanaşacaq, daim formada qalmağa çalışacaqlar. Ağdam klubu çempionatı bir ayaqla yola verəndə avrokuboklara da köklənmək çətin olur. “Neftçi”nin qrup mərhələsində oynaması həm də o deməkdi ki, “ağ-qaralar” da həm avrokuboklara, həm də daxili çempionata güc sərf edəcək, “iki cəbhə”də mübarizə aparmağın çətinliyini hiss edəcək.
Sözsüz ki, bütün bunlar hələ yaxın gələcəyin işidi. İndidən uzaqgedən proqnozlar vermək çətindi. Hal-hazırda dəqiq bildiyimiz odu ki, ağ-qara rənglərə könül verənlər qələbənin həzzini yaşayır, eyforiyanın xoş mürgüsünə dalırlar. Alman hakimin final fitindən dərhal sonra sosial şəbəkələr də “Neftçi”yə təriflə, alqışlarla zənginləşdi, “Qarabağ”a göstərilən münasibətin davamını paytaxt təmsilçisi gördü.
Amma gündəm qəfil dəyişdi. Özü də lap kökündən. Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti postundan qəfil istefa verdi. Onun yerinə AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun Səmədov soyadlı adaşı əyləşdirildi. Bu yerdəyişmə elə qəfil və sürətli, eyni zamanda sirli şəkildə aparıldı ki, nəyin baş verdiyini anlamağa çətinlik çəkdik. Önümüzə düyünlü bir məsələ atdılar, dedilər ki, bacarırsızsa, bu tapmacaya cavab tapın. Dərhal da futbol ictimaiyyətinin, azarkeşlərin və mətbuatın diqqəti bu məsələnin müzakirəsinə yönəldi. Sanki “Neftçi”nin bəxtindəndi. Qoymadılar ki, bu möhtəşəm qələbə azı bir gün gündəmdə qalsın...