“Neftçi”nin U-19 komandasının baş məşqçisi Asif Ramazanov Newsport.az saytına müsahibə verib. "Rekord.az" həmin müsahibəni sizə təqdim edir: 


- Öncə başlayaq mövsümün əvvəlindən...

- Rəhbərliyin qarşımıza qoyduğu məqsədlər var idi. 19 yaşlılarda plan üzrə, əsas da futbolçuların inkişafı ilə bağlı bir-iki yaş cavanlaşdırma etdilər. Tələblər qoyuldu ki, daha çox iki çempion komanda ilə, hansı ki, 2009 təvəllüdlü futbolçular U-16 liqasında, 2008-cilər U-18 liqasında çempion olmuşdular. İki komandanın vəhdətindən komanda yartmaq və U-19 liqada daha yüksək yerlər uğrunda oynamaq, gələcəkdə daha çox A və B komandaya oyunçu yetişdirmək və növbəti mövsüm üçün isə çempionluq üçün təməlli bir kollektiv formalaşdırmaq məqsədi qoyilmuşdur. Mövsümə bu yöndə başladıq.


- "Neftçi"yə U-19 liqasının ən gənc komandası demək olar. Hazırda komandanızda çıxış edən futbolçulardan neçə faizi gələcəkdə karyerasını peşəkar səviyyədə davam etdirə bilər?

- Bizdə həm 2009, həm də 2008 yaş qrupunda kifayət qədər milliyə layiq oyunçu var. Hər yaş qrupunda say nisbətinə görə komandanın yarıdan çoxu perspektivlidir. Təbii ki, A komandaya tələblər başqadır, orda bəzi keyfiyyətlər olmalıdır, həm fitnes baxımından, həm də sosial baxımdan. Bu iki-üç ilə ərzində A komandamıza onların arasında 4-5 futbolçu verə bilsək bizim üçün böyük uğur ola bilər. Belə deyək də, iki komandanın birləşməsindən 20-25 istedadlı futbolçu var. Ümid edirik ki, onların içindən A komanda düşə biləcək futbolçular olacaq.


- A komandanın baş məşqçisinin sizin komandanızın uşaqları ilə yaxından maraqlandığı kimsə var? Yəni növbəti mövsümdən sizin komandanızın hansısa üzvünü əsas komandada görə bilərik?

- Mövsümün əvvəlində bir dönəm baş məşqçi dəyişikliyi oldu. O dönəmdə Sənan Qurbanov müvəqqəti baş məşqçi icraçı oldu. Ondan sonra bu tendensiya uşaqların iki-iki, üç-üç A komandaya məşqlərə cəlb olunması, uşaqların o ab-havanı, əsas komandanın şəraitini, orda gedən məşq prosesini, peşəkar futbolçuların işə yanaşmasını gördülər. Demək olar ki, 12-14 nəfəri iki-iki məşqlərə göndərdik. Sənan Qurbanovun dönəmindən sonra Yuri Vernidub gələndən sonra da tendenseyi davam etməyə başladı. Biz də bacardığımız qədər uşaqları ora göndərirdik. Əlavə olaraq da ev oyunlarımız, əsas bazamız, meydançamız demək olar bazaya çox yaxındır... Köməkçi məşqçilər, baş məşqçinin özü, idman direktorumuz, komandanın meneceri, klub prezidenti, akademiyamızın direktorları - hamısı müşahidə altında saxlayırlar, izləyirlər, gəlib baxırlar. Bu da uşaqlar üçün əlavə bir motivasiyadır. Yəni fikir olaraq deyə bilmərəm ki, mövsümün sonunda kimlər A komandaya gedəcək, kimlər əvəzediciyə yollanacaq. Daha mox getsələr bizim üçün yaxşıdı. Bizim işimiz nədir? Böyük komandalara uşaqlar verək. Əsas məqsəd kollektivi qorumaq, dediyim kimi gələn il çempionluq üçün oynamaq. Bu il də şansımız var idi, axıra qədər qovaladıq, hələ heç nə bilinmir, son tur qalıb. Çalışacağıq ki, bu oyunu da qələbə ilə yekunlaşdıraq.


- Çempionluq şansınız hələ də var. Komandanın belə nəticə verəcəyinizə inanırdınız?

- Mövsüm başlamamışdan əvvəl yoldaşlıq görüşləri oynadıq. Oyunların 90 faizini də I və II Liqa klubları ilə qarşılaşdıq. Bunu özümüz istəmişdik. Çünki rəqib komandada yaşlı, ortayaşlı və vaxtı ilə millidə oynamış oyunçular da var idi. Həmin komandalarla matçlarda başabaş mübarizələr apardıq, hətta qalib gəldiyimiz oyunlar da olub. Əvəzedicilər liqasından da komandalarla oynamışdıq. Yaxşı siqnallar var idi ki, bu uşaqlar çempionatda istənilən nəticəyə çata bilər. İki dövrəli çempionatda rotasiyalı oyunlar da keçirdik, qalib gəldiyimiz və uduzduğumuz matçlar da var idi. Amma gələcəyə ümid verir. “Altılıq”da da bunu misal göstərə bilərik. 10 oyundan 6-da qazanmışıq, 1-də heç-heçə etmişik. Hətta qol buraxmadan qələbələr qazanmışıq. əsas rəqiblərimiz olan “Sabah” və “Qarabağ”a qarşı da başabaş mübarizə aparmışıq. Son matç da qarşıdadır. Unutmayaq ki, rəqiblərin heyətində beş nəfər 2007-ci il təvəllüdlü futbolçu oynayır, beşi də ehtiyatda oturur. Legionerləri də var, “Sabah”, “Qəbələ”, “Qarabağ”dadır. Bizdə isə legioneri sayı yalnız bir nəfərdən ibarətdir. O da son 3 ayda bizə qoşuldu, Freddi qeyd edərdim. Çox da köməyi dəydi. Amma öz uşaqlarımız: 2009-cu il təvəllüdlü doqquz, 2008-ci il təvəllüdlü 12-14 nəfər birlikdə yaxşı iş görə bildik. Uşaqlar da sağ olsun. Rəhbərliyin də dəstəyi danılmazdır. 


- Artıq çempionat başa çatır və bir tur qalıb. Növbəti mövsüm üçün hədəfləriniz nədir?

- Mövsüm bitdikdən sonra rəhbərliklə iclasımız olacaq. Mösüm ərzində gördüyümüz işlərin yazılı və şiafahi hesabatın verəcəyik. Məşqçi təyinatları rəhbərlik tərəfindən verilir, bölgülər olur. Ondan sonra bilirik ki, hansı yaş qrupunda işləyəcəyik. Düzdür, biz məşqçilər öz aramızda gələn mövsüm üçün artıq planlaşdırma aparırıq. Amma rəhbərliyin bölgüsündən, məsləhətindən sonra birlikdə qərar veririk ki, gələn mövsüm üçün hansı məqsədlər, hansı nailiyyətlər üçün oynayacağıq. "Neftçi"də hər zaman qarşıya yüksək məqsədlər qoyulur. Xüsusən də, U-17 və U-19 yaşlı komandalar üçün. Rəhbərlik tərəfindən bizə etimad göstərilsə, yeni mövsüm də komandamızı qoruya bilsək, əlavələr də edə bilsək, çempionluq üçün mübarizə aparacağıq.