UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə baş tutacaq oyundan öncə “Dinamo”nun baş məşqçisi Aleksandr Şaqoyko qarşılaşma haqda fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, belaruslu baş məşqçi bunları deyib:


“Neftçi” yaxşı, güclü komandadır. Oyunun əhəmiyyətini yaxşı dərk edirik. Matça ciddi yanaşırıq, yaxşı hazırlaşmışıq. Məqsədimiz növbəti mərhələyə keçməkdir. Bu cür oyunları çox keçirmirik. “Neftçi”nin səviyyəsi yüksəkdir. Güclü heyətə malikdir, baş məşqçiləri də təcrübəlidir. Bir sözlə, “Neftçi” haqda təəssüratlarım yüksəkdir.


Oyuna qədər şanslar hər zaman bərabərdir. Bu dəfə də belə olacaq. Təbii ki, bizim məqsədimiz var və onun üçün çalışacağıq.


Təbii ki, evdə oynamağı çox istərdik. Hər halda, öz azarkeşlərimizin qarşısında oynamaq başqadır. Amma təəssüf ki, hazırda bu alınmır, daha çox səyahət etməyə məcburuq. Bu da müəyyən çətinliklər yaradır”.