Böyük klub böyük səhnəyə qayıdır.


Bu gün "Neftçi"nin ona yaraşan, onun aid olduğu yerdə - avrokubokda matçı var. 


90 yaşlı qocaman 3 illik fasilədən sonra beynəlxalq arenadakı macərasını Konfrans Liqasında davam etdirəcək. Rəqib Belarus "Dinamo"sudur. Keçiləsi komanda, "ağ-qaralar" da bunu edəcək gücdədir.


Minsk komandasını tanıyırıq. 9 dəfə müstəqil Belarus çempionu olmuş, SSRİ dövründə də - 1982-ci ildə İttifaq çempionluğu görmüş "ağ-göylər", postsovet məkanının tanınmışlarındandır. Keçmişinə söz yox. Hazırda əsas olan bu günüdür. Minsklilər 2-ci mərhələyə Makedoniya "Sileks"ini (0:1, 1:0) çətinliklə - penaltilərlə (5:4) keçərək gəliblər. Yaxşı futbolla yadda qalmayıblar, vurduqları yeganə qolu da daha çox qapıçı səhvinin nəticəsi, təsadüfi adlandırmaq olar. Hətta nominal ev meydanındakı matçda rəqib çərçivəsinə 1 zərbə belə endirə bilməməkləriylə yadda qalmışdılar. 


Komanda avrokuboklara ötən mövsümdə liqada 2-ci olmaqla vəsiqə qazanıb. Əvəzində hazırda daxili çempionatda liderdirlər, vəziyyətləri yaxşıdır. Belarusda liqa yaz-payız sistemi ilə oynanılır. Ona görə də "Dinamo"nun forma yığmaq, oyun praktikası problemi yoxdur. Tam hazır durumdadırlar, bacardıqlarını ortaya tam qoya bilərlər. 


Amma nə bacarırlar?


Xüsusi heç nə. Minsk "Dinamo"su hücumda problem yaşayan komandadır. İrəli xətdə çox zəifdirlər. Baş məşqçi Aleksandr Şaqoyko təcrübəli mütəxəssis olsa da, komandasına xüsusi bir oyun siması qazandıra bilməyib. Klassik 4-5-1 taktikası, mövqe oyunu, orta sürət, zəif hücum, nisbətən normal müdafiə. Bu qədər. Pressinq etmirlər, ona davamları da yoxdur. Rəqibi geridə qarşılayırlar, cinahlardan oyuna, çox olmayan qol şanslarını qaçırmağa meyllidirlər. İmkan verilməsə, heç nə edə bilməyəcək bir komandadır. Əsas oyunçuları erməni əsilli Karen Vardanyan, həmçinin Yevgeni Malaşeviç və gənc Artyom Sokolovskidir. 


"Neftçi" isə favoritdir. Həm qışdan bu yana nümayiş etdirilən futbol, həm də elə bu yay yoxlama görüşlərində tətbiq edilməsinə çalışılan oyun alınsa, "Dinamo"nun Bakıdan "sağ çıxmaq" şansı yoxdur. Yuri Vernidub dəli bir şeylər etməyə, kimliyindən asılı olmayaraq istənilən rəqibə başağrı olan bir komanda qurmağa cəhd edir. İlk dəqiqələrdən pressinq, orta və arxa xəttin ora dəstək verməsi, futbolçuların mövqelərindən asılı olmayaraq universal davranaraq faydalı iş əmsalını artırmağa çalışmasını görürük. Zərrə şübhəm yoxdur ki, hazırkı heyətə daha 3-4 yaxşı transfer edilsə, "Neftçi" Premyer Liqada çempionluğa iddiasını ortaya qoyacaq. Çünki ortada bir plan var, cizgiləri açıq görünür. Qalır onu həyata keçirmək üçün material yığmaq. 


"Neftçi" bu gün ilk dəqiqədən hücumda olacaq. Ən doğru yol budur. "Dinamo" əksər matçlarda uzağı ilk 30 dəqiqədə futbol oynayır, oyunun qalan hissəsində isə dözməyə, hesaba görə oynamağa çalışır. Bu müddətdə minskliləri qapılarına sıxmaq mümkün olsa, tur elə ilk matçda həll olunacaq. Rəqibin müdafiəsinin mərkəzi pressinqə dayanıqlı deyil, "Neftçi"nin isə ən yaxşı, ən güclü tərəfi məhz budur. Ona görə də, "ağ-qaralar"ın qələbə şansı yetərincə böyükdür.


Bir məqam da var. Belaruslular cəza səbəbindən ev oyunlarını səfərdə, Bolqarıstanın Stara Zaqora şəhərində, "Beroe"nin meydançasında keçirirlər. Yəni azarkeş dəstəkləri yoxdur. Maraqlıdır ki, Bakıya olan yolun böyük hissəsini də avtobusla gəliblər. İstanbula qədər avtobus, ordan da Bakıya təyyarə ilə. Yəqin ki, qayıdanda da eyni marşrutu seçəcəklər. Yəni bura da yorğun gəliblər, cavab matçına da yorğun çıxacaqlar. Ən azından bu prosesin mənəvi ağırlığı onlara təsir edəcək. 


"Neftçi" rəqibindən güclüdür. Doğma meydan, doğma divarlar, minlərlə tamaşaçı və azarkeşin dəstəyi ilə "ağ-qaralar" Avropa macərasına uğurlu start vermək istəyirlər. Şərtlər qocaman klubun xeyrinədir.


İrəli, "Neftçi"!