
“Narazı qaldığım yox, üzüldüyüm məqamlar oldu” - Samir Abasov
- 16 Avq 2025 22:55
- 47
“Neftçi” bu gün Misli Premyer Liqasının 2025/26 mövsümünün ilk turunda “Şamaxı”nı qəbul edib.
Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib. Abasov futbolçularından razı qaldığını bildirib:
“Rza Cəfərov zədəlidir. Sırf ona görə bu gün komandada yox idi. Mövsümün ilk oyunu idi. Komandada həddindən artıq dəyişikliklər olub. Ona görə də, çox çətin idi. Buna baxmayaraq, mən bu gün futbolçularımdan razı qaldım. Rəqib qapımızda iki dəfə təhlükəli vəziyyət yaratdı, ikisi də standart vəziyyətdən oldu və birində fərqləndilər. Amma ikinci hissədə isə tamamilə üstünlük bizdə idi. Futbolçularım sona qarşı vuruşdular. Narazı qaldığım heç bir məqam olmadı. Yeni oyunçulardır, hələ tam uyğunlaşmayıblar. Bu futbolçular üçün çempionat, komanda yenidir. Bu gün narazı qaldığım yox, üzüldüyüm məqamlar oldu. Çünki tamam başqa şeylər gözləyirdik.
Biz bugünkü oyundan danışırıq. Qalan məsələlər sonranın işidir. Yenə də deyirəm, oyunçularımdan razı qaldım. Kenan Piriçə gələncə, çox təcrübəli qapıçıdır. Üç yaxşı, təcrübəli qapıçımız var. Bu da bizim üçün yaxşı, xoş haldır. Komandada rəqabət var. Mən komandaya gələndə söz-söhbətlər var idi. Sakitlik yaratmaq üçün kapitan sarğısını Rza Cəfərova vermişdim. Bu gün kapitanımız Emin Mahmudovdur. Rza da digər oyunçularımız kimi dəyərlidir.
Bu gün fikirləşirəm ki, yaxşı komanda yığmağı bacarmışıq. Amma futbolda belə hallar olur. Gözləmədiyin anda 3-4 oyunçunu birdən itirirsən. Belə olanda da çətin duruma düşürsən.
Digər rəqiblərə müqavimət göstərməyə gücümüz var. Yaxşı komandamız var. Sona kimi döyüşən, əzmkar kollektiv yığmışıq. Uzun marafona çıxmışıq. Bu yolda xal itkiləri də olacaq. Bizim kimi digər komandalar da xallar itirəcək. Bugünkü oyunu təhlil edib, qarşıdakı matçlara hazırlaşacağıq”.