“Millidə çıxış edən cüdoçuların hamısı Azərbaycanın yetirmələridir”
- 18:40
- 20
“Millidə çıxış edən cüdoçuların hamısı Azərbaycanın yetirmələridir”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O, cüdo yığmalarında "yerli və ya əcnəbi idmançı" anlayışı olmadığını bildirib:
"Bizim bütün komandalarımızın üzvləri azərbaycanlıdır. Bunu tam səmimi şəkildə deyirəm və bir daha təkrar edəcəyəm. Siz də bunu qəbul edənə qədər bu fikri təkrarlayacağam. Bu idmançıların heç biri hazır şəkildə komandaya gəlməyib. Onlar bizim yanımıza 14, 15, 16, 17 yaşlarında gəliblər. Onlar Azərbaycanın yetirmələridir. Onları bu səviyyəyə biz çatdırmışıq. Onlar nə Rusiyanın, nə Gürcüstanın, nə də başqa bir ölkənin yetirmələridir".
O, legioner idmançı mövzusunun doğru olmadığını söyləyib:
"Xahiş edirəm, bunu nəzərə alasınız. Bəzən sosial şəbəkələrdə belə fikirlərlə qarşılaşıram və bu, mənə çox toxunur. Çünki həmin sözlər idmançılara da təsir edir. Onlar Azərbaycan bayrağı altında mübarizə aparırlar və həqiqətən də ölkəmiz üçün əllərindən gələni edirlər. Komandada Səid Mollayi olsaydı, onunla bağlı deyilənləri anlayışla qarşılayardım. Çünki o, bura hazır idmançı kimi gəlmişdi. Amma digər idmançılarımızın heç biri bu səviyyədə hazır idmançı olmayıb. Biz onları özümüz yetişdirmişik".
Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.