Başlığı belə seçməyimiz mübaliğə və ya özünü şirin satmaq deyil. Dünən bitən dünya çempionatının yekunlarına əsasən cüdo federasiyasına veriləcək qiymət budur. 


Rekord.az olaraq tənqidimiz az olmayıb. Amma yaxşıya yaxşı deməsək, biz də biz olmarıq. Başlığı hərf-hərf açağıq və görəcəksiz ki, cüdo federasiyasının rəhbərliyi Azərbaycan şahmatının idarəçilərinin belə edə bilmədiyi hansı gedişləri etdi ki, hamı ayaq üstə mat qaldı. 


Yarışı izləməmiş oxucularımıza deyək ki, 1 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 7 medal qazandıq və Yaponiya və Gürcüstandan sonra üçüncü yeri tutduq. Əyarına görə 2 il əvvəl Abu-Dabidəki 2 qızıl medallıq göstəricidən geridə qalsaq da, dünya çempionatlarında 7 medal heç vaxt qazanılmamışdı və bu tarixi, daha dəqiq qiymətləndirməsi ilə fantastikadır. 


Bu fantastikanın bütün pərdələrini açaq. 


Prezidentin iştirakı ilə möhtəşəm açılış mərasimi, super arena, cüdoçularımızın çıxışı... Bunlar gözəl anlardır. Amma federasiya bu anların yaşanması üçün “şahmat masasına” çoxdan oturmuşdu. Ən azı bəndənizin gördüyü budur. 


Cüdomuzu idarə edənlər rəsmən minalanmış ərazi ilə yeridi. Uğurun stressini başqa cür təsvir edə bilmədim. Sübutlarım? Necə deyərlər, bir qəşəng çay süzün və oxuyun. 


Əvvəla bu nəticələrin qazanılması üçün inandırıcılıq lazımdır. Yəni sənin işinin (oxu: rekordunun) lağlağı obyekti olmaması üçün buna qədərki nəticələrin yüksək olmalıdır. 

Bu var idi. Azərbaycan 2 olimpiya çempionu və Avropa çempionatlarnın mükafatçıları, Böyük Dəbilqə yarışlarının qalibləri və medalçıları ilə meydanda idi.    


İkincisi, tarixi səhvləri təkrarlamamaq şərt idi. Düzü bunun da inanılmaz həssaslıqla bir addımlığından qayıtdıq. Bizi kim və nə qaytardı? Həmkarlarımın ürək ağrısı ilə qəbul etdiyi, amma xilasedici “bədbəxtliklər”. 


Azərbaycan idmanının ən böyük nəticələri böyük pulların olduğu dövrə təsadüf etdi. El arasında “dollar 0.78 olan vaxtlar” deyilən zamanlarda neftimizin sayəsində böyük pullar idmana yönəldilmişdi. Məmurlarımız və onların güvəndiyi adamlar beynəlxalq federasiyalarla münasibətləri az qala bazara çevirmişdilər. İnanılmaz məbləğdə sponsorluq anlaşmaları o qədər biabırçı idarə olunurdu ki, bir çox idmançılarımızın əziyyətlə qazandıqları nəticələri belə sual altına salırdılar. 


Hakimlərin bəlkə də bilərəkdən açıq-aşkar tərəfkeşliyi Azərbaycan adını idman aləmində az qala rüsvayçı mövqeyə gətirmişdi. London olimpiadasında boksçumuzun fitə basılması, rusların güləşdə hakimiyyət dəyişəndən sonra uzun müddət məhz idmançılarımızdan əvəz çıxması, Rio olimpiadasında şərhçinin açıq-aşkar zəif güləşən Elmar Qasımova işarə ilə “istənilən halda azərbaycanlının rəqibinə “şido” verəcəklər” ələsalması unudulmayıb. Beynəlxalq səviyyədə dəstək almaq özü uğurdur, amma sərhədləri aşmaq ömür boyu unudulmayacaq biabırçılıqla üz-üzə qalmaq təhlükəsidir. 


Niyə minalı ərazi demişdim? Çünki ölkə başçısının da iştirakının məsuliyyəti, hətta deyərdim qorxusu və həyəcanı ilə nəticə arxasınca qaçıb gözüyumulu dəstək istəyi hər şeyi məhv edə bilərdi. Amma bizimkilər bunu ağılla etdilər. 


Düzü həmkarlarımın hələ də Zelim Kotsoyevin uduzdurulduğunu düşünməsi, canlı yayım zamanı şərhçinin yanında əyləşən federasiya nümayəndəsinin (səhv etmirəmsə hakim idi) Hidayət Heydərovun 3-cü xəbərdarlığı almasına reaksiya olaraq, “meydan sahibinə ən azı 51 faizin 49-a dəstək olunmalıdır” kimi reallıqda düz, efir üçün isə biabırçı emosiyası gülüş doğurur. 


Lap tutaq ki, Kotsoyev uduzdurulub. Acı reallığa getsəz, nə udan ermənidir, nə də uduzdurulan azərbaycanlı. Bunun bizi yandıran mənəvi tərəflərini çoxdan başdan etməliyik. Peşəkar olmaq lazımdır, vəssalam. Uduzmaq bizi yandırırsa, qoy yapona uduzanda yandırsın.  Üstəlik, Kotsoyev az qala qışqırır ki, özüm uduzdum.  Hidayətin məğlubiyyəti isə bizi təəccübləndirməsə də, yenə də deyirəm şəxsi mülahizəmə görə bizə kömək oldu. Necə? 

Azərbaycan rəsmiləri şahmat masasında idi. Burada isə böyük qələbələr üçün bəzən vəziri belə qurban vermək lazım gəlir. Sən iki olimpiya çempionunun real məğlubiyyətinə yalançı hay-küy salmamaqla, 7 medalının sevincini bağıraraq yaşadın və hamı da bunu sakit izlədi və qəbullandı.   


Bir az da irəli gedərək iddia edirəm ki, yaxın 4-5 ildə təkrarlanmayacaq 60 kq çəki dərəcəsində dünya qızılı qazandın. Bu çempionluq başdan ayağa kütləvi səbrin nəticəsi idi. Püşkdən tutmuş himnə qədər. 

Az qala hər medal qazanan idmançımız müəyyən məqamlarda ayaqda alqışlanacaq peşəkarlıqları ilə yanaşı, meydan sahibi olmasının, federasiyamızın dəqiqliklə görülən işinin, yüksək təşkilatçılığının, beynəlxalq federasiyanın da bunu görməzlikdən gələ bilməməsinin bəhrəsini gördü axı. 


Böyük qələbələr xırda gedişlərə bağlıdır. 


Bunu təkrarlaya biləcəyikmi? Bu düşüncə bizə lazımdırmı? Qətiyyən! 


Bizim bir yarışdan 7 dünya mükafatçımız var! Das ist fantastisch!