“Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qalıb”.


Rekord.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.


O, Azərbaycan cüdoçularının mundialdakı uğurlu çıxışından danışıb:


"Dünya çempionatı bizim üçün yaxşı nəticələrlə yadda qaldı. Hesab edirəm ki, bu yarış uzun müddət xatirələrdə xüsusi yer tutacaq. İlk növbədə Azərbaycan Cüdo Federasiyası olaraq Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Sözsüz ki, dövlət başçısının yarışın ikinci günündə, açılış mərasimində iştirakı və dünya çempionatında komandamıza dəstək verməsi Azərbaycan Cüdo Federasiyası rəhbərliyi üçün qürur mənbəyi oldu. Eyni zamanda, növbəti günlərdə də mütəşəkkil fəaliyyətimiz üçün əlavə stimul oldu".


R.Rəsullu əsas hədəfin 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunları olduğunu vurğulayıb:


"Azərbaycan Cüdo Federasiyası olaraq nəticələri yüksək qiymətləndiririk. 7 çəkidən 5-də medal qazanmışıq. 5 idmançımız ilk dəfə mundialda medal qazandı. Bütün bunlar heyətin dərinliyini göstərir. Əsas məqsədimiz 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadadır".


Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.