Azərbaycan cüdoçusu Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi ilə bağlı 1 həftə ərzində qərar verməlidir.


Rekord.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.


O, olimpiya çempionu olan idmançıya hər cür dəstək verməyə hazır olduqlarını deyib:


"Bu gün Elnur Məmmədli ilə birlikdə Hidayətlə görüşdük. O, 73 və ya 81 kq çəkidə çıxış edə bilər. Qərarı 1 həftə ərzində özü verəcək. Hesab edirəm ki, o da öz məsuliyyətini tam şəkildə dərk edir. Biz heç bir idmançını müəyyən çəki dərəcəsini seçməyə məcbur etmirik. Bununla belə, təbii ki, tələblərimiz var. Bu tələblər təkcə ona deyil, bütün idmançılara aiddir və hamı üçün eynidir. İstər əsas komandanın üzvləri, istərsə də gənclərdən böyüklər yığmasına keçən idmançılar olsun, hər kəsə eyni yanaşma tətbiq edilir. Federasiya olaraq bu prinsipi bundan sonra da davam etdirəcəyik".


Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.