Bəziləri 100 faiz düşünür ki, "Neftçi" uduzdu, Samir Abasov uduzdu, Anardan səs çıxmadı)) Yox, qardaşlar, məndə elə xarakter yoxdur, məsuliyyətimi hiss edən insanam. Tanıyanlar bilir ki, futbolu başa düşən, anlayan istənilən insanla hər zaman müzakirəyə açığam, profilim də publikdi. Fikirlər fərqli ola bilər, amma müzakirələr hər zaman xoş olur. Bəzən futbol mübahisəsinə keçsə də. Əslində "Neftçi"nin "İmişli"yə məğlubiyyəti mənim Samir Abasov haqqında olan ümumi fikirlərimi dəyişməyəcək. Bundan əvvəl də demişəm, Samir mənim Azərbaycanda bəyəndiyim, dəstəklədiyim 3-4 məşqçidən biridir. İllərdi tanıyıram, işinə yaxından bələdəm, adam A-dan Proya kimi bütün kateqoriyaları öz gücünə oxuyub, Pronu ölkə xaricində alıb, öz təşəbbüsü ilə Avropanın tanınmış klublarının düşərgəsində təcrübə keçib, bu gün də dayanmadan öz üzərində işləyir, bəzi məşqçilər kimi özünü günə vermir. Kimlərsə onu bir məşqçi kimi bəyənmirsə, bu da təbiidir, həmin insanları da başa düşürəm, kimsə bir məşqçini bəyənirsə, mütləq deyil ki, hamı bəyənsin.



"İmişli" ilə oyuna gəlincə, bütün narazılıqları da haqlı sayıram, azarkeşlərin etirazını da. Qatığa qara demək lazım deyil, "Neftçi"nin evdə "İmişli"yə məğlubiyyətinin bəraiti yoxdur. "İmişli" bu gün çox ağıllı futbolla haqq etdiyi 3 xalı qazandı. Baxmayaraq ki, “Neftçi” iki dəfə hesabda önə çıxdı, ümumilikdə, topa üstün tərəf idi, amma qonaqlar daha ağıllı oyun ortaya qoyub, rəqibin müdafiəsindəki boşluqlardan daha maksimal istifadə etdilər. Müdafiədən söz düşmüşkən, “Neftçi”nin müdafiə xətti “Region Liqası” komandasının edə bilmədiyi səhvləri etdi. Bu cür səhvlər bağışlanmır. Üstəlik, nəzərə alsaq ki, “Turan Tovuz”, “Araz Naxçıvan”, “Sabah” və “Sumqayıt” xal itirmişdi, “Neftçi” qələbə təqdirində ilk “dördlüy”ə xeyli yaxınlaşmışdı. Lakin bu şans əldən verildi və təbii ki, baş məşqçi kimi Samir Abasov da məsuliyyətin mərkəzində dayanır.

 

O ki qaldı istefa məsələsinə, bax bu məsələdə fikirim dəyişmir.  Sırf Samir olduğu üçün bu cür düşünmürəm. Samirin yerinə deyək ki, Ayxan, Rəşad, Tərlan, Azər də olsa, eyni fikiri deyəcəkdim. Bunu birdəfəlik anlamaq lazımdır ki, “Neftçi”nin yüksəlişə keçməsinə, özünə gəlməsinə mane olan, ona ən böyük zərbə vuran faktorlardan biri də tez-tez məşqçi dəyişməkdi. Azarkeşləri, onların hisslərini gözəl başa düşürəm. Amma 6 aydan bir məşqçi dəyişməklə “Neftçi” heç vaxt görmək istədiyimiz “Neftçi” olmayacaq. Ondan da əminəm ki, bu cür gedişatda maraqlı olan insanlar da var. Hansı ki, sözdə, yazıda sanki “Neftçi”yə canları yanır, amma əslində onlar da maraqlıdır ki, komandada tez-tez məşqçi dəyişsin. Çünki hər məşqçi dəyişikliyi geriyə addım, dağıdılan sistem, tar-mar olmuş heyətdi. Bu da heç vaxt imkan verməyəcək ki, “Neftçi” toparlansın. Yuxarıda da qeyd etdim, “İmişli”yə məğlubiyyətin bəraəti yoxdur və baş məşqçi kimi Samir Abasovun bu məğlubiyyətdə böyük məsuliyyət payı var. Amma hər şey istefaya çatdıracaq qədər də faciəvi deyil. Klubdaxili bir iclas keçirib, son durumu ciddi şəkildə müzakirə etmək, müəyyən tapşırıqlar, öhdəliklər qoymaq, hər kəsin məsuliyyət yükünü ciddi şəkildə xatırlatmaq lazımdı. Bunun kluba daha çox faydası dəyər, nəinki istefanın. Samir işinə davam etsə, ən azı çıxış yolu tapacaq. Çempionluq onsuz da müşkül məsələdi, mövsüm öncəsindən də bilinir ki, “Qarabağ” bu yolda rəqibsizdir. Əsas hədəf avrokubolara düşməkdir ki, bunun üçün də şans qalmaqdadır.  Mövsümün sonuna hələ 6 ay, 21 tur var. 21 tura “Karvan” iki dəfə 1-ci pilləyə qalxıb-düşər.  Komandanı 4-cü pillədən 7 xal ayırır ki, bu da 2-3 oyunla aradan qaldırlacaq fərq səviyyəsindədir. Kubokda da komanda yoluna davam edir. Bəs istefa olsa nə baş verəcək? Böyük ehtimal əcnəbi məşqçi gələcək. İlk növbədə klubun maliyyə yükü xeyli artacaq: 5 dəfə çox maaş, köməkçilərə yüksək maaş, nəqliyyat, qalmaq və digər xərclər, əcnəbi kaprizləri və s. Bunun qarşılığında nəticə olacaqmı, buna da heç kim qarant verməyəcək. Nəticədə hər şey daha pis olacaq. Yəni bu gün isti başla “istefa”, “çıxsın getsin”, deməklə deyil, bunun arxasını düşünmək lazımdır. Bu məsələdə əsas məsuliyyət yükü “Neftçi” rəhbərliyinin üzərinə düşür. “Neftçi”nin inkişafını, yüksəlişini istəyirlərsə, bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Onlardan tələb olunan soyuqqanlı olmaqdı.  Bu tip hallarda hər zaman “Qarabağ” rəhbərliyini nümunə çəkirəm. Onlar Qurban Qurbanova ən çətin vaxtlarında dəstək oldular. Qurban ilk gələndə nəticələr yaxşı deyildi. Hətta komanda evdə “Simurq”a 0:2 uduzandan sonra azarkeşlər onun üstünə hücum çəkmişdi, “Qurbandan məşqç olmaz, “Neftçi”dən qovulan birinin burda nə işi var”, Ramin Musayev öz adamını soxub bura” tipli ittihamlar var idi. Amma “Qarabağ” rəhbərliyi hədsiz səbr göstərib Qurban Qurbanovun arxasında dayandı. Komandanın 2012-13-cü il mövsümündə AZAL-a 2:6-lıq məğlubiyyəti düşür, hansı ki, həmin dönəm artıq büdcə artırılmışdı, heyətə Muarrem, Aqolli, Almeyda, Telli, Pavloviç kimi legionerlər cəlb olunmuşdu. Həmin oyundan sonra da Qurbana böyük təzyiqlər oldu, mətbuatda əksəriyyət onun istefasını tələb etdi, “özünə hörmət edən məşqçi bu nəticədən sonra getməlidir”, “Qurbanla çempionluq mümkün deyil” tipli başlıqlar qoyuldu, amma “Qarabağ” rəhbərliyi yenə hədsiz səbr göstərib baş məşqçisinin arxasında dayandı. Baxmayaraq ki, yuxarıda qeyd etdiyim kimi, büdcə artırılırdı, legionerləri sayı artırdı, daha sonra Cumbinyo, Reynaldo, Leroy Corc və s. gəldi. Buna baxmayaraq, çempionluq üçün 7 il gözləmək lazım gəldi. Həmin dövrdəki səbrin, dəstəyin nəticəsi bugünkü “Qarabağ”dı. Amma “Neftçi” bir məşqçi gəlir, 1-2 oyun uduzan kimi istefa, yenisi gəlir, eyni ssenari, belə-belə komanda 6 aydan bir məşqçi dəyişə-dəyişə ildən-ilə geri gedir. Mən bunları yazıram, bəlkə də artıq Samir istefa verib, yaxud rəhbərlik onu göndərib. Amma belə olmalı deyil. Rəhbərlik ilk növbədə öz qərarının, sonra isə baş məşqçisinin arxasında dayanmalıdır.  Belə bir anda məşqçi dəyişmək heç bir halda kluba faydalı olmayacaq.


Anar XANLAROV