“İndi fasilə istəməzdik” – Rəşad Sadıqov
- 22:51
- 34
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 5-ci turunda evdə “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:
“Olduqca sürətli və keyfiyyətli oyun alındı. Hər iki komanda çempionata uğurlu start götürdüyü üçün baxımlı futbol gözlənilirdi və elə də oldu. Azarkeşlərin bu matçdan zövq aldığını düşünürəm. Matç boyu yüksək intizam və əzmkarlıq nümayiş etdirən futbolçularıma, həmçinin bizi tək qoymayan fanatlarımıza təşəkkür edirəm. Ötən tur “Sabah”a 5:0 hesabı ilə uduzmağımıza baxmayaraq, onlar oyun zamanı və matçdan sonra komandaya böyük dəstək göstərdilər. Futbolçularla bu dəstəyi xüsusi müzakirə etmişdik və bu gün meydandakı mübarizə ilə onlara təşəkkürümüzü bildirmək istəyirdik. “Qarabağ” keyfiyyətli futbol oynadı, məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Əsas məsələ nəticə yox, futbolçularımın nümayiş etdirdiyi əzmkarlıq və nizam-intizam idi.
Avrokuboklara görə iyun ayından bir tempdə gəlirdik, buna görə də fasilənin ritmimizə təsiri barədə müəyyən narahatlıq var. İndi fasilə istəməzdik, lakin “Turan Tovuz”la vacib səfər matçımız var. Qazanılan xallardan daha vacibi komandanın nümayiş etdirdiyi keyfiyyət idi. “Sabah”a 5:0 uduzduğumuz matçda da komandam yaxşı oynamışdı, sadəcə rəqib son vuruşlarda daha dəqiq idi. Vacib olan hazırkı oyunu qoruyub təkmilləşdirməkdir. Əvəzedici heyətdən əsas komandaya mümkün transferlər isə sonradan bəlli olacaq.
8 matç idi ki, eyni sistemlə çıxış edirdik və ani dəyişiklik rəqib üçün gözlənilməz effekti vermiş ola bilər. Amma tam təhlili matçı yenidən izlədikdən sonra aparacağıq. Vacib olan hər iki komandanın qələbə üçün sona qədər mübarizə aparması idi.
Avrokuboklarda və çempionatın startında hücumameyilli futbolumuz uğur gətirmişdi, ona görə sistemi dəyişmək istəmədim. Risk etdiyimizi bilirdim. Məğlub olsaq da, düşündüm ki, oynadığımız futbol çempionat boyu bizə faydalı olacaq. Oyunçular analizdə gördülər ki, böyük hesabla uduzsaq da, yaxşı həmlələrimiz var idi. Mourinyonun məşhur bir sözü var, “beş dəfə 1:0 uduzmaqdansa, bir dəfə 5:0 uduzmaq daha yaxşıdır”.