“İmişli”nin badalağı
- 18:04
- 99
23-cü turda “Şamaxı” “İmişli” ilə qarşılaşıb, meydandan bir xalla ayrılanda Ayxan Abbasovun açıqlaması diqqətimi cəlb etmişdi. Ayxan bəy “İmişli”nin tez-tez heç-heçə oynamasından şikayətlənmişdi. Sözündən belə çıxırdı ki, Aran təmsilçisi nə özü futbol oynayır, nə də rəqibinə oynamağa imkan verir. Ərinməyib, turnir cədvəlinə nəzər yetirəndə gördüm ki, “Şamaxı” ilə “İmişli”nin bərabərlik sayı təxminən eynidir. 25 tur ərzində “İmişli” 10 dəfə meydandan “sülh”lə ayrılmışdı. “Şamaxı”nın heç-heçə sayı “İmişli”dən cəmi bir vahid az idi.
26-cı turda “İmişli” özü üçün doğmalaşdırdığı Qubada “Turan Tovuz”u qəbul etdi və bu görüşdə də qalib müəyyənləşmədi. Amma “İmişli”nin futbol oynamadığını, meydana heç-heçə üçün çıxdığını demək insafsızlıq olar. Ən azından “Turan Tovuz”la oyunda Jorje Kaşkilyanın komandası meydanda öz varlığını göstərdi, hücum etməyə, rəqibini təzyiqdə saxlamağa çalışdı. Heç də təsadüfi deyildi ki, hesabı açan tərəf də nominal meydan sahibləri oldu. Birinci hissənin son dəqiqələrində gələn qol sayəsində “İmişli” fasiləyə üstün durumda yollanmağı bacardı.
Bəli, mən də “İmişli” rəhbərliyinin futbola yanaşmasını, peşəkarlıqdan uzaq davranışlarını qınayıram. Ən azından ona görə ki, doğma rayonda stadion ola-ola komandanı didərgin vəziyyətinə salıblar. Azarkeşlərinin gözünü yolda qoyan “İmişli” “bu rayon sənin, o rayon mənim” prinsipiylə stadionları gəzir. Vəziyyət o həddə gəlib çatıb ki, özü Aran təmsilçisi olan elitanın debütantı rəqiblərini ölkənin şimalında qəbul edir. “İmişli”yə qonaq gedən rəqiblər Qubanın qarlı-yağışlı havasında, palçıqlı meydançasında əziyyətə qatlaşmalı olurlar.
Sözsüz ki, bunun da məsuliyyəti bilavasitə klub rəhbərliyinin üzərindədir. Buna görə nə portuqaliyalı məşqçi Jorje Kaşkilyanı qınaya bilərik, nə də onun “İmişli”yə toplayıb, vahid kollektivə çevirdiyi futbolçuları. Adamlar əziyyət çəkirlər, vuruşurlar. Onların bu zəhmətini qiymətləndirməsək ədalətsizlik etmiş olarıq. Kaşkilyanın özü də bu yaxınlarda Qubadakı meydançadan şikayətlənən həmkarlarını dolayısıyla dəstəkləmişdi. Təxminən belə demişdi ki, onun komandası oyunlarının əksəriyyətini bu cür yararsız meydanda keçirir, daha çox çətinliklə üzləşirlər, rəqiblər isə “palçığın ləzzəti”ni yalnız “İmişli”yə rəqib olanda görürlər. Adam haqlıdır, nə deyəsən?!
Bütün bunları ona görə yazıram ki, “İmişli”yə barmaqarası yanaşıb, komandanı kiçiltməyək. “Turan Tovuz”la oyuna baxa-baxa buna bir daha əmin oldum. Sözsüz ki, büdcə məhduddur, heyətdə legionerlərin sayı çox olsa da, onlar elə son turdakı rəqib “Turan Tovuz”un formasını geyinənlər qədər bahalı və səviyyəli deyillər. Amma “Turan Tovuz” “İmişli”nin badalaq vurduğu neçənci komanda oldu. “Qarabağ”ın özü belə “İmişli”ni çətinliklə məğlub etdi, “Sabah” bu komandadan məğlubiyyət alıb. Deməli, Aran təmsilçisinin potensialı var. Baş məşqçi pis deyil. Qalır komandaya diqqəti artırmaq və ən əsası, onu doğma rayonuna qaytarıb, azarkeşlərinin qarşısında meydana çıxarmaq. Əminəm ki, belə olanda halda “İmişli”nin badalaq vurduğu komandaların sayı daha çox olacaq. Klub rəhbərliyi də buna çalışsın, peşman olmazlar.