Heç vaxt “heç vaxt” demə, TƏMKİN-li ol!
- 14:20
- 51
Bu yazımı Təmkin Xəlilzadəyə həsr etmək istəyirəm. Nə qohumum deyil,
nə dostum deyil, şəxsi tanışlığımız belə yoxdur.
Onu qiyabi olaraq, loru təbirlə desək, “tilivizir”dən tanıyıram.
Hazırda Elvin Cəfərquliyevin nə qədər lazımlı və faydalı futbolçu olduğunu deyirik ha, Təmkin də elə gənclərdən idi. İrəli-geri oyunlarda həmişə fəal idi, oyuna can qoyan gənc futbolçulardan idi...
Sonra nə oldu, necə oldu... 30 yaşında futbolçu karyerasını bitirməyə məcbur qaldı. Ya da məruz qaldı... Kim necə istəyirsə, anlasın.
Təmkin böyük futboldan gedərkən, onun xarakteri ilə bağlı söhbətlər danışılırdı. Belə söhbətlər həmişə olub. Ruslan Abışov vaxtından əvvəl böyük futboldan getdi, sonra Qara Qarayevi qaraladılar, “Neftçi”dən gedən Azər Salahlı özünü “İmişli”də sübut etməyə çalışdı, eyni zamanda “Karvan”da Araz Abdullayev dirənişini də gördük.
Təmkinli dirənişi görmək isə başqa bir ləzzət oldu. Xəlilzadə formadan düşməmək üçün futzal və mini futbol klublarıyla oynamağa başladı və nəticədə mini futbol yığmamızın ulduzuna çevrildi.
Zarafat deyil, adam uzun illər ərzində böyük futbolda əldə etmədiyi uğurları 2-3 ildə mini futbolda əldə etdi. Həm dünya çempionu oldu, həm də Avropa çempionu.
Təcrübəsi, böyük futboldan qalan taktiki bilgiləri... və həm də istedadı.
Təmkin öz təmkiniylə sübut elədi ki, oyun hələ bitməyib.
Azərbaycan mini futbol komandasını təbrik edirəm. Təmkin Xəlilzadəyə isə təşəkkür edirəm. Niyə?
Taledən ümidini üzməmək və həvəsdən düşməməklə, bir çox gəncə nümunə göstərmiş oldu.
Ona görə də, heç vaxt “heç vaxt” deməyin...
Hər zaman TƏMKİN-li olmaq lazımdır!
Rüfət Əhmədzadə