“Haqqımda nə qərar verilsə, normal qəbul edəcəyik” - Elmar Baxşıyev
- 14 Dek 2025 21:11
- 38
"Birinci qol komandaya təsir etdi. Öz səhvimizdən qol buraxdıq".
Rekord.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 15-ci turunda “Qarabağ”a qarşı keçirilən və böyük hesablı məğlubiyyətlə bitən oyunu (5:1) şərh edərkən deyib.
Mütəxəssis matçın onlar üçün ağır keçdiyini, həftə ərzində hazırladıqları planı ilk 20-25 dəqiqədə meydanda tətbiq etməyə çalışdıqlarını bildirib:
"Həftə ərzində düşündüyümüz plan var idi. Onun üzərində işləyirdik. 20-25 dəqiqə istədiyimizi meydanda görməyə çalışırdıq. Birinci qol komandaya təsir etdi. Qol epizodu da deyildi, öz səhvimizdən buraxdıq. Ümumilikdə qapımıza 2 penalti təyin edildi, öz səhvlərimizdən sonra böyük hesablı nəticə oldu".
Baxşıyev bu matçı unudub, fasiləyə qədər qalan son oyuna hazırlaşacaqlarını qeyd edib.
Elmar Baxşıyev mətbuatda rəhbərliyin qışda onunla yollarını ayıracağı barədə yayılan şayiələrə və rəhbərliyin buna rəsmi münasibət bildirməməsi ilə bağlı suala da aydınlıq gətirib. O, yazılanların komandaya təsirsiz ötüşmədiyini etiraf edərək gələcəyi barədə bunları deyib:
"Mən bura özüm gəlməmişəm, məni dəvət ediblər. Üzərimə nə düşürsə, onu yerinə yetirməyə çalışıram. Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir, bizə də təsirsiz ötüşmür. Qərar mənim deyil. Bizimlə davam etsələr, işimizə davam edəcəyik. Digər qərarı versələr, ona da normal yanaşacağıq".