“Hapoel” Bakıda da səhv edəcək
- 13:25
- 78
90-cı illərin əvvəllərində ekranlara gələn bir Meksika serialı vardı: “Varlılar da ağlayır”. Biz “keçid dövrü”nün fəsadlarından əziyyət çəkən uşaqlar bu serialın adına qəribə baxırdıq. Tək dərdi bir qarın yemək yeyib, əyninə isti paltar geyinmək olan uşaqlara varlıların nə üçün ağladığı çatmırdı. Varlı da ağlayarmı? Varlısansa, deməli, pulun var. Pulun varsa, özünə istədiyin qədər yemək ala, arzuladığın əlbisələrlə geyinib-keçinə bilərsən. O zaman ağlamağa nə gərək? Teleserial rusca olduğundan və biz rus dilini serialı anlayacaq qədər bilmədiyimizdən bu suala cavab tapa bilmirdik. Böyükləri də belə suallarla narahat edib, cavab istəyəcək qədər də cəsarətli deyildik. Ona görə də uşaqlığımızın böyük bir hissəsi bu cür suallara cavab axtara-axtara keçdi.
Böyüyəndən sonra varlana bilməsək də, özümüzə yetəcək qədər pulumuz oldu. Onu da başa düşdük ki, pul həyatda bir çox məsələlərin həlli olsa da, bütün dərdlərin çarəsi, bağlı qapıların hamısının açarı heç də pulla tapılmır. Bəzən pulun da çarəsiz qaldığı məqamlar var. O zaman həm də onu da anladıq ki, varlıların da ağlaması mümkündür. Çünki həmin varlılar da bəzən problemlər, çətinliklər qarşısında aciz qalıb, o çətinliklərin öhdəsindən gəlməyi bacarmırlar. Çarəsiz qalanda isə gücləri ağlamağa çatır.
Mətləbə xeyli uzaqdan gəldiyimin, fəlsəfənin dərinliklərinə daldığımın fərqindəyəm. Amma bəzən fəlsəfəsiz də olmur. Axı fəlsəfə həm də hikmətə sevgi elmidir. Deməli, biz də həmin o hikməti bilməli, onu sevməliyik. Elə futbolda da belə olmalıdır. Bəli, azarkeşlər bəzən hikməti görmək istəmir, ancaq qələbə tələbə edir. Di gəl ki, futbolda da həyatdakı kimi, güclü-gücsüz məsələsi nisbidir. Xüsusən də beynəlxalq səviyyəli yarışlarda. Avrokuboklarda bunun çox nümunəsini görmüşük. Elə “Qarabağ”ın timsalında. Qurban Qurbanov və onun yetirmələri özlərindən qat-qat zəngin klubları büdrədib, möhtəşəm qələbələr qazanıb, böyük uğurlara imza atıb. “Köhlən atlar”ın ayağı birbalaca büdrəyən kimi hər şeyi unudub asıb-kəsməyə başlamışıq.
Düz 14 il “Qarabağ” azarkeşləri böyük uğurlarla sevindirib, avrokuboklarda Azərbaycan futbolunu uğurla təmsil edib. İndi bu sıraya “Sabah” da qoşulub, Azərbaycan çempionu Çempionlar Liqasında pley-offa qədər yüksəlib və yeni tarix yazmağa çox yaxındır. “Hapoel” bu yolda sonuncu əngəldir. Uels, Finlandiya və Danimarka çempionunu yolundan kənarlaşdıran “Sabah” bu əngəli aşacaq gücdədir. Buxarestdəki oyun da bunu göstərdi. Hesabı açan tərəf bizimkilər oldu. Təəssüf ki, üstünlüyü qoruya bilmədik. Xüsusən də ilk qoldakı inamsızlıq, kobud səhvlər rəqibi ümidləndirdi, ilk dueldən onların qalib ayrılması ilə nəticələndi.
Futbolda ən məşhur “ulduzlar” belə səhv edir, ən güclü komandalar büdrəyir. O cümlədən də “Hapoel”. “Sabah”ın dünən axşam hesabı necə açdığını xatırlayaq. Qısa müddətdə rəqib üç kobud səhv etdi. Qay Mizrahi komandasının hücumu zamanı topu İvan Lepiniçaya “bağışladı”. O da topla bir qədər irəliləyib, Mikelsə ötürmə etdi. Mikels bu topu qəbul edə bilməsə də, Puxaç özünü yetirdi. Amma Puxaçın ilk ötürməsini müdafiəçilər qarşılayıb, yenidən onun özünə qaytardılar. İkinci cəhddə Puxaç Simiçə məhsuldar ötürmə verə bildi. “Hapoel”in futbolçularının nəzarətsiz qoyduğu “Sabah”ın “qol maşını” hesabı açmağa çətinlik çəkmədi.
Gördüyünüz kimi, birinci qolun vurulmasına qədər israillilər ardıcıl üç səhvə yol verdilər. Əmin olun, “Hapoel” Bakıda da belə səhvlər buraxacaq. Özü də bir dəfə deyil. Ruhdan düşməyə dəyməz. Cavab oyununda azarkeşlərin də dəstəyi ilə “Sabah” turu keçə bilər. Varlıların ağladığı kimi, ən güclü futbolçular da, komandalar da səhv buraxır. İnanmaq lazımdır!