“Gəncənin bizimlə fəxr etməsini istəyirik”
- 16:00
- 37
"Gəncə"nin basketbolçusu Delano Spenser komandanın qələbəsi üçün bütün fədakarlıqlara hazırdır.
Rekord.az xəbər verir ki, ABŞ-dən olan oyunçu bu barədə klubun mətbuat xidmətinə müsahibəsində deyib.
O, şəxsi göstəricilərin önəmli olmadığını bildirib:
"Mənim üçün şəxsi göstəricilər yox, komanda önəmlidir. Bütün diqqətimi komandanın qalib gəlməsinə yönəltmişəm. Məşqçilər və oyunçu yoldaşlarım daha çox xal toplamaq üçün mənə imkan yaratdılar. "Gəncə"nin qələbəsi üçün bütün fədakarlıqlara hazıram. İstəyirəm əvvəlki oyunlarda olduğu kimi, çoxlu sayda assist və ribaundlar edim".
Spenser "Sabah"a 77:101 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının oyunu barədə danışıb:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlar güclü komandadır və bunu göstərdilər. Oyunun birinci hissəsində meydanda mübarizə apara, müqavimət göstərə bildik, fasilədən sonra konsentrasiyanı itirdik və düşündüklərimizi yerinə yetirmədik. Bunlar "Sabah" kimi rəqiblərə qarşı gənc bir komanda olaraq öyrənə biləcəyimiz şeylərdir. Belə ki, bütün 40 dəqiqə ərzində tam konsentrasiyaya və qətiyyətə sahib olmalısınız".
Basketbolçu sıx qrafiklə iki oyun keçirəcəklərini söyləyib:
"Bizi vacib matçlar gözləyir. Hər iki oyunda qalib gəlib gücümüzü göstərməliyik. Yaxşı, rəqabətədavamlı komandamız var və bilirik ki, liqada ən yaxşı kollektivlərdən biriyik. Uğur qazanmağa köklənmişik. Meydana qalib gəlmək üçün çıxacağıq. Bütün diqqətimiz buna yönəlib. Hər görüşdə qələbə qazanmaq gücündəyik. Bununla azarkeşlərimizə müsbət enerji ötürə bilərik. Onlar buna layiqdirlər. Azarkeşlər bizi evdə və səfərdə dəstəkləyirlər. İstəyirik ki, Gəncə bizimlə fəxr etsin".