"Qarabağ"ın baş məçqçisi Qurban Qurbanov ÇSKA-ya (Sofiya) qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında iştirak edib.


Rekord.az xəbər verir ki, mütəxəssis ilk matçda intizamlı oynamaq istədiklərini bildirib:


"Əvvəlcə jurnalistlərimizi Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm. Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib fərqlidir, hər görüşdə fərqli formada çıxış edirlər. Lakin inanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər".


O, bildirib ki, ÇSKA ilə keçiriləcək qarşılaşma komandanın hazırkı vəziyyətini qiymətləndirmək baxımından önəmli sınaq olacaq:


"Komandanın oyununu stabilləşdirmək asan məsələ olmayacaq. Hazırlıq prosesində müəyyən problemlərin yaşanması qaçılmazdır. Hazırda bütün futbolçular eyni fiziki durumda deyillər. Yay mövsümünün isti hava şəraiti də oyunun tempinə təsir göstərir ki, bunu əvvəlki illərdə də dəfələrlə müşahidə etmişik. Üstəlik, heyətdə çoxlu dəyişikliklər baş verib və bunun komandanın çıxışına təsirsiz ötüşməsi mümkün deyil. Komandanın nə vaxt tam optimal formaya çatacağını indidən söyləmək çətindir. Amma inanıram ki, hər keçən gün daha yaxşı vəziyyətə gələcəyik".


Qurbanov heyətlə bağlı ciddi problem olmadığını da vurğulayıb:


"Dani Bolt məsələsində ciddi nüans yoxdur. Sadəcə müəyyən limit var. Avropa oyunlarında tez-tez belə dəyişikliklər ola bilər. Eyni hal çempionat oyunlarında da yaşana bilər. Joni Montielin əvəzedici komandaya göndərilməsi ilə bağlı yayılan fikirlər doğru deyil. Montiel əsas komandadadır".


Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.