“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ev oyunu haqda danışıb.


Rekord.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:


“Başda cənab Prezident olmaqla hər kəsin bayramını təbrik edirəm. Böyük zəfərdir. Stadionda bayram əhval-ruhiyyəsi var idi. Bizim azarkeşlərlə “Neftçi”nin azarkeşlərinin 44-cü dəqiqəni belə qeyd etməsi çox xoş oldu.


Çox vacib qalibiyyət oldu. Hər iki komandanın oyunçuları yaxşı oyun göstərdi. Çempionatımızda belə oyunlar hər zaman olsa, futbol daha çox inkşaf edər. Qarşıda millimizin oyunu da var. Onlara uğurlar arzu edirəm.


“Neftçi”nin son oyunlarında çox irəliləyiş var. Çox sağlam oynayırlar. Get-gedə futbolçular bir-birlərini tanıyır və anlayır.


Biz ancaq buna sevinirik ki, “Qarabağ”ın oyunları çox müsəlman ölkələrində sevilir. Bu çox xoşdur. Şimali Kiprdə yaşayan qardaşlarımıza da çox təşəkkür edirəm.


“Qarabağ” adı bütün Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Bütün futbolçularımıza məsuliyyətli, ciddi olmağın önəmi başa salınır. Rəhbərlik səviyyəsində həmişə əsas işimiz bu adı qoruyub-saxlamaq olub. Futbolçularımız da sağ olsun, bütün tələb etdiklərimizi yerinə yetirirlər. Bizim burada məsuliyyətli olmamaqdan başqa şansımız yoxdur.


Milli komandada çox irəliləyiş var. Futbolçularımıza həmişə güvənmişəm və inamımı da itirmirəm. Daim yanlarında olmaq istəmişəm. Uğurlar arzu edirəm və inanıram ki, onlar bu qələbəyə layiqdirlər.


Bu gündən sonra daha çox narahat olmağa başlayacam. Zədələrimiz və ya fiziki yorğunluqlarımız çox olacaq. Asan deyil. Oyunçularımızın fiziki durumunu qoruyub-saxlamaq üçün çox şey qurban vermişik. Oyunçularımız üçün oyunun keyfiyyətini qurban vermişik.


Penaltiyə baxmadım, lakin Elçin Məsiyev elə-belə penalti verməz”.