Cari mövsümün sonunda "Keşlə"dən ayrılan futbolçu Əfran İsmayılov xüsusi hədiyyə alıb.

Rekord.az xəbər verir ki, bu barədə "Report"a 32 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

Hazırda doğma rayonu Ağstafada olan təcrübəli oyunçu bildirib ki, "Dilbaz" atçılıq təsərrüfatının rəhbəri Səlimxan Gülalıyev ona at bağışlayıb: "Səlimxan müəllim kəndçimizdir, həm də Sadıxlıda yerləşən təsərrüfatın direktorudur. Onunla görüşənda atlara marağım olduğunu bildi və mənə dayça hədiyyə etdi. Azərbaycanda iki növ məşhur at var: biri Qarabağ, digəri Dilbaz atları. Bunlar seçilmiş atlardır. Buna görə ona minnətdrlığımı bildirirəm. Görüşdük, atın sənədlərini də təqdim etdi".

İsmayılovun sözlərinə görə, hələ uşaq yaşlarından atlara marağı olub: "7-8 yaşım olanda hər yay rayona gəlib dayımgilin yanında qalırdım. Elə o vaxtdan atlara marağım olub. Çox həvəsli idim. Böyüdükcə istəyirdim ki, öz atım olsun. Düzdür, bunun üçün vaxtım olmurdu. Çünki at saxlamaq tamam fərqli şeydir. Çox vaxt ayırmalısan. Çalışacağam ki, tez-tez baş çəkib atımla maraqlanım".

Futbolçu hədiyyə olunan atı Bakıya gətirəcəyini söyləyib: "Orada da saxlamaq fikrim var. Futboldan uzaqlaşandan sonra bütün fikrimi tamamilə atlara yönəlcədəm. Hələ ki özüm üçün saxlayıram. Gələcəkdə Dilbaz atlarının sayını artıra, hətta satış da edə bilərəm. Bu atların daha çox tanınmasını istəyirəm".

Karyerası barədə də danışan Azərbaycan millisinin sabiq üzvü Gürcüstandan 1-2 variantının olduğunu vurğulayıb: "Danışıqlar aparacağam. Alınmasa, başqa şey fikirləşəcəyəm. Çalışacağam, alınsın. Karyeramı bitirmək üçün hələ tezdir. Amma klub tapa bilməsəm, karyeramı bitirəcəyəm. Ölənədək kiminsə dalınca düşəsi, ona-buna ağız açası deyiləm".

Qeyd edək ki, Əfran İsmayılov daha əvvəl "Turan", "Qarabağ", "Bakı", "Xəzər Lənkəran", "İnter" və "Sumqayıt" klublarında da çıxış edib.