Eddi Hau Qurban Qurbanova qarşı - Böyük duel
- 21:02
- 45
- Qurban bəy, Eşli Koul deyəndə ağlınıza ilk gələn epizod hansıdı?
- (fikirləşir) Epizod yox, özü yadıma gəldi. Xoşladığım futbolçulardan idi. Döyüşkən, mübariz idi. Amma epizod olaraq…
- İngiltərə-Azərbaycan matçı yadınızdadı?
- Bəli.
- Orda bir epizodunuz vardı.
- Eşli Koul idi ki o?
- Bəli.
- Ferdinand deyildi? Yox, kapitanları…
- Terri.
- Hə.
- Elədi, topu ondan alıb getmişdiz, ancaq sizi haqlayan Koul idi.
- Hə, arxadan tez gəldi çatdı.
- Bəli, məhz həmin epizodu xatırlamaq istəyirəm. Topu götirib getdiz…
- Çox getmədim.
- Bəli, getdiz və azacıq irələyəndən sonra tez zərbə vurduz. Top dirəyin lap yanından keçdi. Oyundan sonra sizdən “niyə məhz tez vurmaq qərarına gəldiz” soruşanda mənə cavab vermişdiz ki, “mən topu götürdüm, bir anlıq düşünən kimi gördüm ki, kimsə yanımda var, nəfəsini hiss etdim və elə həmin an zərbə vurmaq qərarına gəldim. Ən doğru qərarı qəbul etdim”. Düzü, mən də razılaşdım, çünki sizinlə həmfikir idim. Hücumçu qərarı tez verməlidi. Düzdü, həmin zərbə qola çevrilmədi, amma ondan əvvəlki tsikldə təxminən eyni cür zərbə ilə serbləri səfərdə təslim etmişdiz.
- Bəli, xatırlayıram.
Bu, Qurban Qurbanovdan 5 il əvvəl götürdüyüm özəl müsahibədən bir hissə, daha dəqiq desək, girişi idi. Onun çox yaxşı qolçuluq, meydandakı gedişatı doğru dəyərlərləndirmə qabiliyyəti olub. Məni, bəlkə də onun özünü də təəssüfləndirən odur ki, hazırda komandasında özü kimi forvard yoxdur. Bəli, bunun əvəzində qolları sıralayan sistemi var. Amma yenə də yaxşı hücumçu olsaydı, bu sistem daha effektiv işləyərdi.
Mövzu bu deyil.
Mövzu odur ki, fevralda Qurban Qurbanov yetirmələri ilə birlikdə, bu dəfə məşqçi kimi "Sent Ceyms Park"a qayıdır. Ümid edirik ki, son nəticə millidə olduğu kimi olmayacaq. Olsa belə, bu, tarixi mövsümə zərər vurmayacaq, imicə xələl gətirməyəcək. Çünki yaxın 10-15 ildə belə fantastik sezonun başqa klubumuz tərəfindən təkrarlanma ehtimalı yoxdur. Varsa da, çox aşağıdır.
"Nyukasl" barədə hələ çox danışacaq, çox müzakirələr edəcəyik. Heyəti analiz ediləcək, heyətindəki oyunçuların gücü, bacarığı, istedadı haqda mütləq ki fikirlər bildirəcəyik. "Sağsağanlar" ləqəbli bu komanda böyük şəhəri təmsil edən, böyük futbol camiəsinə malik bir kollektivdir. Bu klubun şərəfini Kevin Kiqan, Pol Qaskoyn, Alan Şirer kimi əfsanələr qoruyub. Bu klubun formasını geyinmək dünyadakı istənilən futbolçu üçün fəxr sayılar. "Nyukasl" nəticələri az olsa da, klub olaraq nəhəng, ən yüksək hörməti haqq edən, sayğı duyulacaq bir klubdur. Yəni sadə dillə desək, bu "Nyukasl"dır!
Yuxarıda da qeyd etdim ki, bu məqamlara hələ çox varacağıq. Ancaq məncə, pley-offda bizi klubun əzəmətindən, pullarının çoxluğundan, heyətinin bahalılığından çox, rəqibin baş məşqçisi narahat eləməlidir. Eddi Hau (Eddie Howe yazılır, səslənməsində Hov da, Hou da deyə bilərsiz) çox canavar məşqçidir. Çox səviyyəli, çox bacarıqlıdır. Onun "Bornmut"la elədiklərini təkrarlayacaq məşqçi tanımıram. "Nyukasl"a ərəb pulları gələndə nəhəng sponsorların adlı-sanlı mütəxəssisləri yox, onu dəvət etməsi əməyinə verilən yüksək qiymətdir. O yekəlikdə layihəni qısa müddətdə məhv edəcək birinə tapşırmazdılar bu işi. O da etimadı doğrultdu, ötən il 60 illil fasilədən sonra "ağ-qaralar"a kubok qazandırdı. Bu gün "Nyukasl"ın əsas silahı məhz Haudur. Bizi pley-offda komandaların, klubların yox, məhz məşqçilərin böyük dueli gözləyir. İkisi də bu günə qədər özünü sübut etmiş, böyük layihəni uğurla həyata keçirə bilmiş, eyni zamanda hələ iddiasını davam etdirən və daha böyük uğurlar qazanmış və qazanmağa davam edən, buna çalışan mütəxəssislərdirlər. Bəlkə də son 15 ilin ən yaxşı ingilis məşqçisi sayıla biləcək Hau ilə, Azərbaycan futbol tarixinin ən yaxşı məşqçisi olan Qurbanovun qarşılaşmasını izləmək böyük zövq olacaq. Səbrsizliklə gözləyirəm!