Derbi üçün sözardı: "Neftçi" üçün nə çatmadı?
- 11:00
- 33
Nəhayət ki, "Azərsun Arena"nı dolu gördük. Demək k, "Neftçi"nin durumundan və turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, adının ağırlığı hər zaman tribunalara təsir edir. Bəli, xoş görüntülər idi, dolu tribunalar önündə futbolun ab-havası da başqa olur. Amma normal sayılacaq bir durumu qədərindən artıq şişirtməyin də tərəfdarı deyiləm. Əslində bunun özü də Azərbaycan futbolunun acı reallığıdır. Çempionat oyunları o qədər boş tribunalar önündə oynanılır ki, 4500-lük stadionun dolmasını az qala böyük hadisə kimi qələmə veririk. Düşünürəm ki, bu oyunu "dar" "Azərsun Arena"dan "Tofiq Bəhramov"a keçirdib onun statusunu, ab-havasını daha da artırmaq olardı. O zaman azarkeş sayı bugünkündən ən azı iki dəfə çox olacaqdı. Bu arada, səhv etmirəmsə, oyuna 5 mindən çox bilet satıldığına dair xəbərlər yayılmışdı, stadionun rəsmi tutumu 4677 nəfərdisə, ora necə 5 mindən çox bilet satıla bilər, bu da maraqlıdır. Qaydaya görə, tutumdan artıq bilet sata bilmərsən.
Oyuna gəlincə, bəlkə də ab-havaya layiq oyun olmadı. Yəni futbol dili ilə desək, "risunka" yox idi. Amma mübarizə var idi. Təbii ki, "Qarabağ" evdə oynayır, daha komplektkəşmiş, sistemli komandadır, futbolçularının fərdi ustalığı daha üstündür. "Neftçi" isə hələ formalaşma prosesindədir, Samir Abasov komandanı indi-indi sistemə oturdur. Layiqincə də müqavimət göstərdilər. Sadəcə, penalri epizodu həlledici oldu. "Qarabağ"a qarşı oyunda o cür ani diqqətsizlik etməməlisən. Düzdür, aşkar şəkildə kobudluq yox idi. Amma bəzən bir təmas da penaıti üçün bəs edir. Məhz ikinci hissənin əvvəlindəki penalti "Neftçi"nin planlarını alt-üst etdi. Qarşıdakı 40 dəqiqədə həm hücum edib qol vurmalısan, həm də qapının toxunulmamazlığını təmin etməlisən. "Qarabağ" kimi komandaya qarşı bu ikisini bir arada etmək çox çətindi. Zarafat deyil, Çempionlar Liqasında 7 xal yığmış komandaya qarşı oynayırsan. Bugünkü oyunun taleyini də məhz bəzi futbolçuların fərdi ustalığı həll etdi.
İstənilən halda bu gün "Qarabağ"ın gücü hamıya məlumdur və bu komanda daxili çempionatda məğlubedilməzdi. Bu komandaya qarşı başabaş mübarizə aparacaq komanda formalaşdırmaq üçün bəlli bir zamana ehtiyac var. Bu mənada "Neftçi" haqda daha öncə dediyim fikirlərin üstündə qalıram. Samir Abasov postunda qalmalı, işinə davam etməli, rəhbərlik tərəfindən də ona dəstək olmalıdır. Yenə deyirəm, komanda son zamanlar yaxşı təsir bağışlayır, qələbələr qazanır, turdan-tura artırır. Kim ki, bunu "Kəpəz" zəifdi, "Qəbələ" zəifdi", "MOİK-i udmağa nə var ki?" deyirsə, mənim deyəcək sözüm yoxdur. Çünki avrokuboka getmək üçün tək "Qarabağ"ı udduğun üçün xal vermirlər, digər 11 komanaddan da xal almalısan. Baxıram Abubakarı bəziləri lağ yerinə çevirib. "Gücün "Qəbələ"yə, MOİK-ə çatır" filan. Başa düşmürəm, Abubakar bura ancaq "Qarabağ"a qol vurmaq üçün gətirilib? Bəli, "Qarabağ"a da vurmalıdır, amma bunun üçün də zaman lazımdır, Abubakar özü də forma yığmalı, çempionatımızı, komandalarımızı tam tanımalıdır. Həm onun qarşıdında duran müdafiəçilər də ÇL-də adlı-sanlı hücumçulara qarşı oynamış müdafiəçilər idi, Abubakar onları bir ayaqla keçib qol vurası deyildi. Sözsüz ki, o səviyyə fərqini də hiss etməlidir ki, öz üzərində daha çox işləyib daha yaxşı forma yığsın. Amma bu gün avrokuboka getmək istəyirsənsə, "Qarabağ"dan başqa digər komandalara da qol vurmalısan və bu da çox vacibdir.
Anar XANLAROV