“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
- 00:58
- 33
“Məğlub olduğumuz üçün təəssüflənirik. Lakin 90 dəqiqə ərzində temp yaxşı idi. Xəyal Əliyevin oyunun əvvəlində zədələnməsi planlarımızı pozdu”.
Rekord.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Ayxan Abbasov Maltaya qarşı keçirilən yoxlama oyunundan sonra deyib.
O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq. Ümumilikdə bu, müsbət məqamdır. Lakin şanslardan yararlanmaq lazım idi. Yoxlama oyunu olduğu üçün bəzi anlarda riskə getdi. Çoxlu qol epizodu yaratmağımız sevindirici məqam olsa da, fərqlənə bilməməyimiz təəssüf doğurur. Bəzi futbolçular oyun praktikasının yoxluğundan əziyyət çəkirlər”.
Millimizin baş məşqçisi rəqibin ikinci qolundan sonra Abdulla Xaybullayev və Anton Krivostsyuk arasında yaranan narazılığa belə münasibət bildirib:
“Həmin vaxt epizodun təkrarını izləyirdim. Ona görə də həmin anı görmədim. Lakin millidə bu cür hallara imkan verməyəcəyik. Bu haqda söhbətimiz olacaq. Komanda qalib gəlmək istəyirdi. Bu da emosiyanı artırırdı. Lazımi addımları atacağıq”.
Abbasov buraxılan qollara da toxunub:
“Rəqib bizi əks-hücumlarda yaxaldı. Geriyə daha tez qayıtmaq lazımdır. Futbolçular bir-birilərini sığortalaya bilmədilər”.