Çörəyi ver çörəkçiyə, "Neftçi"ni də...
- 2024-05-28 10:19
- 2350
İndi futbol gündəminin əsas mövzularından biri də “Neftçi”dir. O “Neftçi” ki, çempionluq mübarizəsindən çoxdan qopması bir yana, heç avrokuboklara vəsiqə qazana bilmədi. “Neftçi”nin “Zirə”ni, “Sabah”ı, “Sumqayıt”ı özündən irəli buraxıb, finişə beşinci çatması heç bir bəraəti olmayan qəbahətdir. Mən hələ “ağ-qaralar”ın “Qarabağ”dan 27 xal az toplamasını bu kluba rəhbərlik edənlərin üzünə vurmuram. Hamımız gördük ki, bu mövsüm “Qarabağ” “Neftçi”ni nə vaxt yaxaladısa, əməlli-başlı kötəklədi. Halbuki, “Neftçi”nin büdcəsinə görə “Qarabağ”dan geri qalmaması, hətta onu üstələməsi barədə ortada ciddi iddialar var.
Lap tutaq ki, “Neftçi”nin büdcəsi “Qarabağ”ı ötmür. Amma o dəqiqdir ki, Fərrux Mahmudov, Kamil Məmmədov kimi “futbol biliciləri” “Neftçi”ni turnir cədvəlinin beşincisi etmək üçün “Sabah”dan da, “Zirə”dən də, “Sumqayıt”dan da çox pul xərcləyiblər. Daha doğrusu, həmin o pulları talayıb, şəxsi büdcələrini zənginləşdiriblər. Gördükləri iş də ortadadır. Yəqin ki, bir bərbərin müştərinin saçını keçəl qırxdıqdan sonra onun başına tüpürməsi barədə lətifəni eşitmisiz. Sadəcə, bilmirəm ki, indi Fərrux Mahmudovla onun əlaltıları gördükləri işə tüpürmək istəyirlər, ya yox.
Hamımız bilirik ki, mövsümə iddialı başlayan, çempion olmağı hədəfləyən “Neftçi” 10-15 günün içində yığılan “Araz Naxçıvan”la keçirdiyi 4 oyundan ikisində uduzub, turnir cədvəlinin 8-ci komandası topladığı 36 xaldan yeddisini “Neftçi”ylə oyunlardan qazanıb. 9-cu pillədəki “Kəpəz” mövsümün açılışında turunda “Neftçi”ni Gəncədən əliboş yola salmaqla gələcək faciələrin xəbərçisi rolunu oynamışdı. Amma “Neftçi”ni uçuruma doğru sürükləyənlər oyanmadılar, oyanmaq istəmədilər. Nəticəsi də o oldu ki, “ağ-qaralar” tarixinin ən pis nəticələrindən birini göstərdilər. Və “Gede müsibəti”ndə olduğu kimi, “Neftçi” bu “tarixi nəticəni” əcnəbi mütəxəssislərin rəhbərliyi altında qazandı. Kluba rəhbərlik edənlər qısa müddət ərzində iki əcnəbi məşqçiylə özlərini palçığa batırmağı bacardılar.
Atalarımız keçənə güzəşt desələr də, “Neftçi”ni palçığa batıranlara hansısa güzəşt etməyə dəyməz. Onların bacardıqları budur. Futboldan bixəbər Fərrux Mahmudova və onu yan-yörəsindəkilərə “Neftçi”ni daha bir mövsüm etibar etmək olmaz. Belələrini bir an öncə ölkənin ən qocaman klubundan uzaqlaşdırmaq lazımdır. Rəhmətlik Heydər Əliyevə 2000-ci illərin əvvəllərində AFFA-da böhran yaşanarkən bununla bağlı sual ünvanlamışdılar. Uzaqgörən lider də “dərzi paltar tikməlidir, çörəkçi çörək bişirməlidir, futbolla da futboldan baş çıxaranlar məşğul olmalıdır” demişdi. İndi “Neftçi” üçün də bu qayda keçərlidir. Klubu onu zirvələrə qaldıranlara tapşırmaq lazımdır. Çağırın Sadıq Sadıqovu, Tahir Süleymanovu, Bəxtiyar Musayevi, Tərlan Əhmədovu, özünüz çəkilin kənara. Onda görəcəksiz ki, “Neftçi”nin qara günlərini ağ günlər necə əvəz edəcək.